Bu gün Rusiya Dövlət Dumasına seçkilərdə səsvermənin son günüdür.
Musavat.com bildirir ki, sentyabrın 18-dən başlanan səsvermə üç gün davam edəcək. Beynəlxalq müşahidəçi qrupunun rəhbəri Rüstəm Şoxmurod RİA Novosti agentliyinə bildirib ki, KTMT Parlament Assambleyasının Rusiya Dövlət Duması seçkiləri üzrə müşahidə missiyasında Ermənistan nümayəndəsi yoxdur.
“Xeyr, Ermənistan təmsil olunmur, onlar KTMT-dəki iştiraklarını dondurublar. Onlar da burada deyillər. Bu, onların qərarıdır”, – deyə Şöhmurod qeyd edib. KTMT PA-nın Mərkəzi Müşahidə Qrupuna Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Serbiyadan nümayəndələr daxildir. Ermənistan bu siyahıda yoxdur. Missiya Moskvada, Moskva vilayətində, eləcə də KTMT üzv dövlətlərində açılmış xarici seçki məntəqələrində müşahidələr aparır.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini “dondurub”. Bunu da alyansın öz öhdəliklərini “yerinə yetirməməsi” ilə əlaqələndirir. Ona görə də nə toplantılarında, nə hərbi təlimlərində iştirak edir, nə üzvlük ödənişlərini verir.
Ermənistanın boykot qərarı Rusiyada qəzəblə qarşılanmaqdadır. Moskva İrəvandan təşkilatda qalıb-qalmamaq qərarını verməsini tələb edir. Hökumət başçısı Nikol Paşinyan isə bəyan edib ki, KTMT-dən çıxmaq niyyəti yoxdur, amma təşkilat özü belə bir qərar vermək istəsə, etiraz etməyəcəklər. Bu qeyri-müəyyənlik şəraitində isə Ermənistan KTMT PA-nın Mərkəzi Müşahidə Qrupuna öz nümayəndəsini salmayıb. Bu da dolayısı ilə Rusiyadakı seçkiləri boykot etmək anlamına gəlir.

Xatırladaq ki, bu ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib. Lakin Rusiya prezidenti Vladimir Putin indiyə qədər bu qələbə münasibəti ilə partiyanın sədri Nikol Paşinyanı təbrik etməyib. Tərəflər arasında Bişkekdə baş tutan görüşdə də Putin Paşinyanı təbrik etmədi. Kremlin son məlumatına görə, erməni baş nazirin yaxın vaxtlarda Moskvaya səfəri gözlənilir.
Bu gərginlik fonunda, xüsusən də Ermənistandakı seçkilərdən üç aydan çox vaxt keçdiyi halda, Putinin Paşinyanı hələ də təbrik etməməsinə demarş olaraq, İrəvan da KTMT PA-nın müşahidə qrupuna öz nümayəndəsini salmayıb. Əslində, erməni tərəfi dolayısı ilə Duma seçkilərini boykot etmiş olub. Ermənistanın bu qərarı şübhəsiz ki, Moskva tərəfindən həssaslıqla izlənilir. Rusiya Ermənistanın KTMT üzərindən atdığı bu addımları cavab “atəşi” kimi qiymətləndirir. Analitiklər bütün bu məsələlərin Moskvada keçiriləcək Putin-Paşinyan görüşündə müzakirə olunacağını proqnozlaşdırırlar.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) artıq Ermənistanın təhlükəsizliyini təmin edən bir faktor deyil”. Ermənistan parlamentinin sədri Ruben Rubinyan İctimai Televiziyaya verdiyi müsahibəsində belə deyib.

“Nəticə etibarilə, bir amilin yoxluğu avtomatik olaraq digəri ilə əvəz oluna bilməz”, – deyə Rubinyan vurğulayıb. O qeyd edib ki, təhlükəsizlik sahəsindəki boşluqların doldurulması siyasəti müdafiə və siyasi əməkdaşlığın şaxələndirilməsi (diversifikasiyası) ilə bağlıdır. “Təhlükəsizlik sahəsindəki boşluq (Azərbaycanla) sülhün olmamasından qaynaqlanırdı”, – deyə Ermənistan parlamentinin sədri qeyd edib.
“Keçmiş prezident Robert Köçəryan və “Taşir Qrupu”nun rəhbəri Samvel Karapetyanın təmsil olunduğu müxalifət KTMT sülhməramlılarının ölkəyə daxil olmasını istəyir”. Bu sözləri isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

