Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasındakı münasibətlərin pərdəarxası məqamları və Ukrayna böhranı ilə bağlı dünya gündəmini sarsıdacaq bəyanatlar səsləndirib.
Lavrov iki ölkə lideri arasındakı münasibətlərin hər zaman dostluq, yoldaşlıq və qarşılıqlı hörmət ruhunda olduğunu vurğulayaraq, Alyaskada keçirilən görüşün gizli qalan nəticələrini açıqlayıb.
Nazirin sözlərinə görə, Alyaska sammitində Ukrayna ilə bağlı konkret və mühüm razılaşmalar əldə olunub. Hazırda münaqişənin həlli istiqamətində bir çox sualların qaldığını bildirən Lavrov, bu məsələlərin detallı müzakirəsinin yalnız Rusiya və ABŞ arasında Alyaskada əldə olunmuş razılaşmalar təsdiqləndikdən sonra mümkün olacağını qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ankorik sammitindən sonra Ukrayna və Avropa ölkələri Vaşinqtonun sülh prosesi ilə bağlı mövqeyini dəyişməsi üçün hər cür təzyiqlərə əl atırlar. Rusiya-Çin münasibətlərinə də toxunan XİN rəhbəri, bu əlaqələrin ənənəvi hərbi-siyasi alyanslardan daha güclü olduğunu və dünya iqtisadiyyatını stabilləşdirən əsas amilə çevrildiyini bildirib.
Moskva və Pekinin münasibətlərində “parçala və hökm sür” prinsipinə yer olmadığını deyən Lavrov, ABŞ və Çin arasında enerji sahəsində əldə olunacaq hər hansı razılaşmaya yalnız sevinəcəklərini əlavə edib. Sonda nazir Hindistanın Baş naziri Narendra Modinin 2026-cı ildə Rusiyaya rəsmi səfər edəcəyini və tərəflərin artıq bu mühüm dəvətə hazırlıq gördüklərini diqqətə çatdırıb.
Musavat.com


