Son dövrlərdə ABŞ və İran ətrafında artan siyasi bəyanatlar beynəlxalq münasibətlərdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Vaşinqtonun sərt ritorikası və regiondakı strateji mesajları Yaxın Şərqdə təhlükəsizlik balansına dair müzakirələri daha da aktuallaşdırır.
Donald Tramp bildirib ki, ABŞ zərurət yarandığı halda İranın nüvə obyektlərinə hərbi zərbə endirə bilər. O, həmçinin qeyd edib ki, İranın uranı çıxarma və ya gizlətmə cəhdləri aşkar edilərsə, buna qarşı çox sərt reaksiya veriləcək. Trampın sözlərinə görə, ABŞ artıq İranın əvvəlki bombardmanlara məruz qalmış nüvə obyektlərini daim nəzarətdə saxlayır. Onun fikrincə, İran ya Vaşinqtonla razılaşma yolunu seçməli, ya da ciddi nəticələrlə üzləşməlidir. Bu tip bəyanatlar regionda gərginliyin daha da artacağı ilə bağlı müzakirələri gücləndirib.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, dünyanın diqqət və həyəcanla izlədiyi Donald Tramp və Şi Cinpin görüşü başa çatıb:
“Pekində keçirilən tarixi görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, əsas diqqət Tayvan və İran məsələləri üzrə mümkün razılaşmalara yönəlmişdi. rÇin liderinin Tayvanla bağlı mesajı kifayət qədər qəti və açıq olub. Şi Cinpin bəyan edib ki, Tayvan Çin üçün “qırmızı xətt”dir və bu məsələnin həlli uğrunda ABŞ-la qarşıdurmaya getməkdən belə çəkinməyəcəklər. Eyni zamanda o, “Tukidides tələsi”nə düşməmək barədə xəbərdarlıq edib. (“Tukidides tələsi” mövcud super güc – ABŞ – ilə yüksələn güc – Çin – arasında rəqabətin hərbi qarşıdurmaya çevrilməsi ehtimalını ifadə edir.)
İran məsələsi ilə bağlı aparılan qapalı müzakirələrin detalları tam açıqlanmasa da, bəzi məqamlar artıq aydın görünür. Onun fikrincə, Tramp Çin liderindən Hürmüz boğazının açılması istiqamətində dəstək istəyib. ABŞ prezidenti Pekinə daha güclü diplomatik nəticələrlə getməyə çalışsa da, bu plan gözlənilən nəticəni verməyib. Görüşdən sonra formalaşan ilkin mənzərə ABŞ və Çinin İran məsələsində eyni mövqedə dayanmasının hələ də çətin olduğunu göstərir. Onun sözlərinə görə, Avropa, Rusiya, Türkiyə, Körfəz ölkələri və İranın qəbul etmədiyi hər hansı həll modelinin regionda tətbiqi real görünmür”.
Fəqani Məhərrəmli həmçinin bildirib ki, bu dövrdə Bəsrə körfəzi və Hürmüz boğazı ətrafında vəziyyət yenidən gərgin xarakter almaqdadır:
“Trampın Çin səfərindən əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfəri və burada yüksək səviyyəli görüş keçirməsi, Küveytlə İran arasında baş verən silahlı insidentlər, İranın BƏƏ-yə İHA və raketlərlə hücum etməsi ilə bağlı iddialar, eləcə də Səudiyyə Ərəbistanı qırıcılarının İranın vurulması prosesində iştirakına dair məlumatların mediaya çıxması göstərir ki, Körfəz regionu daha genişmiqyaslı və kəskin mərhələyə doğru irəliləyə bilər”.
//Gülnarə Abasova, Editor.az


