Ermənistan Vyanada “Artsax” təbliğatına başlayırbackend

Ermənistan Vyanada “Artsax” təbliğatına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət pərdəsi altında siyasi oyun…

Ermənistan qondama “Artsax” mövzusunu beynəlxalq gündəmdə saxlamaq üçün yeni platformalara çıxmağa hazırlaşır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu dəfə hədəf Avropanın siyasi və mədəni mərkəzlərindən biri olan Avstriyanın paytaxtı Vyanadır. “Artsax mədəniyyətinin qorunması mərkəzi” adlı ictimai təşkilat noyabrın 27-30-da Vyanada keçiriləcək “International Christmas Choir Festival – Vienna Christmas Voices” beynəlxalq festivalında iştirak etmək üçün rəsmi dəvət alıb.Tədbirdə Ermənistanı və “Artsax mədəni irsi”ni həmin təşkilatın tərkibində fəaliyyət göstərən qondarma “Artsax Milli Musiqi Alətləri Dövlət Orkestri” və “Biz və bizim dağlarımız” Dövlət mahnı və rəqs ansamblı təqdim edəcək.

İlk baxışdan söhbət guya sırf mədəni tədbirdən gedir. Lakin Ermənistan tərəfinin festivalda iştirakla bağlı yaydığı açıqlamaya diqqət yetirdikdə, məsələnin yalnız musiqi və rəqslə məhdudlaşmadığı görünür. Təşkilat bu səfəri açıq şəkildə “mədəni diplomatiyanın inkişafı” və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində təqdim edir. Eyni zamanda əsas məqsədlərdən birinin erməni mədəniyyətini və “Artsax mədəni irsini” beynəlxalq ictimaiyyətə çatdırmaq olduğu bildirilir. Bu isə Ermənistanın uzun müddətdir istifadə etdiyi strategiyanın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Qarabağ üzərində nəzarətin itirilməsindən sonra “Artsax” məsələsinin siyasi müstəvidə əvvəlki formada gündəmə gətirilməsi Ermənistan üçün daha mürəkkəb vəziyyət yaradıb. Buna görə də mövzunun mədəniyyət, tarix, folklor və irs üzərindən beynəlxalq auditoriyaya çatdırılması daha rahat və nisbətən risksiz platforma yaradır.

Erməni tərəfinin təqdim etdiyi narrativdə “Artsax” yalnız coğrafi ərazi kimi deyil, guya “erməni mədəni irsinin bir hissəsi” kimi göstərilir. Bu yanaşma təsadüfi deyil. Ərazi ilə bağlı siyasi iddiaların beynəlxalq səviyyədə müdafiəsi çətinləşdikcə, həmin ərazi ilə bağlı mədəni və tarixi iddiaların qorunub saxlanılması Ermənistan və erməni diaspor strukturları üçün xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlərdə “Artsax” adının dövlət səviyyəli siyasi platformalarda deyil, mədəni kollektivlərin, folklor qruplarının və sənət nümayəndələrinin təqdimatında səsləndirilməsi də mühüm taktika sayıla bilər. Çünki mədəniyyət üzərindən formalaşdırılan mesajlar siyasi bəyanatlardan daha yumşaq qəbul edilir və geniş auditoriyaya çatdırılması daha asan olur. Vyanadakı festival da bu baxımdan diqqət çəkir. Ermənistan tərəfi burada özünü yalnız milli musiqi və rəqs nümunələrini təqdim edən ölkə kimi deyil, eyni zamanda “Artsax mədəni irsinin qoruyucusu” kimi göstərməyə çalışacaq. Bu yanaşmanın əsas məqsədlərindən biri beynəlxalq ictimaiyyətdə qondarma “Artsax” anlayışının yaddaşdan silinməsinə imkan verməməkdir. Yəni heş vaxt olmayacaq “siyasi status” məsələsi arxa plana keçirilsə də, “Artsax mədəniyyəti”, “Artsax irsi”, “Artsax xalqının mədəni yaddaşı” kimi yalançı ifadələrlə həmin mövzunun beynəlxalq informasiya məkanında yaşadılması hədəflənir.

Bu, özünü həm də sülh planına sadiq Ermənistanın  ilk belə addımı deyil. “Artsax mədəniyyətinin qorunması mərkəzi” son illərdə beynəlxalq mədəni fəaliyyətini genişləndirdiyini bildirir. Təşkilatın məlumatına görə, İtaliyada keçirilən beynəlxalq folklor festivalında da iştirak edilib. Həmin tədbirin UNESCO ilə tərəfdaşlıq edən CIOFF – Beynəlxalq Folklor Festivalları və Xalq Sənətləri Təşkilatları Şəbəkəsi çərçivəsində keçirilməsi xüsusilə vurğulanır. Bu fakt göstərir ki, söhbət ayrı-ayrı tədbirlərdə təsadüfi iştirakdan daha çox, “Artsax”la bağlı mədəni narrativin müxtəlif beynəlxalq platformalara çıxarılmasından gedə bilər. Məsələnin Azərbaycan baxımından diqqət çəkən tərəfi də məhz budur. Qarabağda separatçı rejimin mövcudluğunun aradan qaldırılmasından sonra Ermənistanın “Artsax” mövzusunu tamamilə gündəmdən çıxarmaq niyyətində olmadığı görünür. Sadəcə, mövzunun təqdimat forması dəyişir. Əvvəllər əsasən “öz müqəddəratını təyinetmə”, “status”, “təhlükəsizlik” və siyasi hüquqlar kimi anlayışlar arxasında gizlənən İrəvan, indi “mədəni irsin qorunması”, “tarixi yaddaş”, “folklor”, “musiqi” və “mədəni kimlik” kimi ifadələr daha çox istifadə olunur. Bu baxımdan Vyana festivalında “Artsax” adının ayrıca vurğulanması sıradan mədəni tədbirdən daha geniş təbliğat niyyəti daşıyır. Ermənistan tərəfi bir tərəfdən beynəlxalq ictimaiyyətə öz mədəniyyətini təqdim edir, digər tərəfdən isə Qarabağla bağlı öz narrativinin yeni formatda yaşadılmasına çalışır.Vyanada keçiriləcək festivalı yalnız musiqi və rəqs tədbiri kimi qiymətləndirmək kifayət deyil. Ermənistan üçün bu, eyni zamanda qondarma “Artsax” adını Avropanın mədəni məkanında yenidən səsləndirmək, həmin anlayışı yeni nəsil auditoriyaya çatdırmaq və Qarabağla bağlı saxta tarixi-mədəni təbliğatı beynəlxalq səviyyədə aparmaq cəhdi kimi görünür.

Rəsmi Bakının bu qanunsuz təbliğatın qarşısını almaq üçün çox da zamanı qalmayıb…  

Musavat.com