Türkiyədə bağırsağındakı kütləyə görə xəstəxanaya müraciət edən 54 yaşlı kişinin daxili orqanlarının böyük hissəsinin əks tərəfdə yerləşdiyi üzə çıxıb. Tikinti işçisi Müzəffər Uzunbacak ürəyinin sağda olduğunu 26 yaşından bilsə də, digər orqanlarının fərqli yerləşməsindən yalnız son müayinələr zamanı xəbər tutub.
Yoğun bağırsaq xərçəngi diaqnozu ilə Samsuna gələn Müzəffər Uzunbacak ümumi cərrahiyyə mütəxəssisi, dosent Kərim Gözəl tərəfindən əməliyyat olunub. Müdaxilə orqanların yerləşməsinə uyğun planlaşdırılıb və uğurla başa çatıb.
“Həkim soruşdu ki, sənin ürəyin yoxdur?”
Uzunbacak ürəyinin sağ tərəfdə olduğunu illər əvvəl iş yeri üçün sağlamlıq arayışı alarkən öyrəndiyini deyib:
“Əskişəhərdə tikintidə işləyirdim. Bizdən sağlamlıq arayışı və ürəyin müayinəsini istədilər. Bir neçə dəfə EKQ çəkilsə də, həkimlər nəticəni qəbul etmirdilər. Hətta həkimlərdən biri ‘Sənin ürəyin yoxdur?’ deyə soruşdu. Sağ tərəfi yoxlayanda ürəyimin orada olduğunu gördü. Digər orqanlarımın da əks tərəfdə yerləşdiyini isə indi, 54 yaşımda öyrəndim”.
10 min nəfərdən birində rast gəlinir
Həkim Kərim Gözəlin sözlərinə görə, xəstədə “situs inversus totalis” adlanan anadangəlmə vəziyyət aşkarlanıb. Onun ürəyi sağda, qaraciyəri və öd kisəsi solda, dalağı isə sağ tərəfdə yerləşir.
Cərrah bildirib ki, təxminən 10 min nəfərdən birində rast gəlinən bu xüsusiyyəti əməliyyatdan əvvəl bilmək vacibdir. Xəstənin yoğun bağırsağının başlanğıc hissəsi də sağda deyil, solda olduğundan əməliyyata hazırlıq buna uyğun aparılıb.
“Əməliyyatı laparoskopik, yəni qapalı üsulla etdik. Orqanlar alışdığımızın əks istiqamətində idi. Bu, işi çətinləşdirsə də, müdaxiləni problemsiz başa çatdırdıq. Xəstəni əməliyyatdan dörd gün sonra evə buraxırıq”, – həkim qeyd edib.
Uzunbacaka gələcəkdə hər hansı tibbi yardım üçün müraciət edərkən bu xüsusiyyəti mütləq həkimlərə bildirməsi tövsiyə olunub. Cərrah xüsusilə təcili müdaxilələr zamanı orqanların yerləşməsi barədə məlumatın mühüm əhəmiyyət daşıdığını vurğulayıb./Lent.az



