AKP-nin “Nene Hatun”u necə batdı – 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxışbackend

AKP-nin “Nene Hatun”u necə batdı – 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə hakim partiyanın siyasi komandasının tanınmış simalarından biri olan Fatma Betül Sayan Kayanın uzun illər ərzində qurduğu siyasi karyera gözlənilməz şəkildə sona çatıb. AKP sədrinin müavini vəzifəsini tutan Kaya özü və həyat yoldaşı İlyas Kayanın adı böyük maliyyə qalmaqalı ilə bağlı hallandıqdan sonra vəzifəsindən istefa verib. Sentyabrın 26-da Kaya “əfv istədiyini” açıqlayıb, sentyabrın 27-də isə AKP sözçüsü Ömer Çelik prezident Ərdoğanın onun istefa tələbini qəbul etdiyini bildirib. Beləliklə, 28 sentyabr 2026-cı il etibarilə Fatma Betül Sayan Kaya artıq AKP sədrinin müavini, MYK və MKYK üzvü deyil.

Hadisənin arxasında isə adi siyasi mübahisə dayanmır. Müxalif Yeni Parti-nin sözçüsü Zeynel Emrenin açıqladığı məlumatlara görə, Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya “Özata Denizcilik” şirkətinin səhmlərinə ümumilikdə 163 milyon 46 min lirə sərmayə qoyub, həmin səhmləri sonradan təxminən 2 milyard 170 milyon lirəyə satıblar. İddialara əsasən, Kayanın 63 milyon 359 min lirəlik sərmayəsi təxminən 1 milyard 344 milyon lirəyə, həyat yoldaşının 99 milyon 687 min lirəlik yatırımı isə 826 milyon lirəyə yüksəlib.

Bu rəqəmlər hazırda siyasi açıqlamalara və mediada yayılan məlumatlara əsaslanır və hüquqi baxımdan yekunlaşdırılmış nəticə deyil. Lakin məbləğin böyüklüyü, əməliyyatların vaxtı və sözügedən şəxslərin siyasi mövqeyi qalmaqalı Türkiyə gündəminin əsas mövzularından birinə çevirib.

Məsələnin diqqətçəkən tərəfi yalnız beş aya yaxın müddətdə 163 milyon lirənin 2 milyard lirəni aşan məbləğə çevrilməsi deyil. Kayanın siyasi karyerasına nəzər saldıqda onun hakimiyyət daxilində necə sürətlə yüksəldiyi, ailə üzvlərinin də dövlət strukturlarında yüksək vəzifələrə qədər gəldiyi görünür.

Fatma Betül Sayan Kayanın siyasətdən əvvəlki həyatında ilk mühüm dayanacaqlardan biri İstanbul Böyükşəhər Bələdiyyəsi olub. Burada bir məqam xüsusilə diqqət çəkir: 2008-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi AKP-nin idarəsində idi və bələdiyyəyə Kadir Topbaş rəhbərlik edirdi. Kaya həmin il İBB-nin iştirak etdiyi İSBAK A.Ş.-də mühəndis kimi işə başlayıb. Məlumatlara görə, o, 14 noyabr 2008-ci ildə şirkətdə işə qəbul edilib. Cəmi iki ay sonra isə ABŞ-a təhsil almağa göndərilib. Bu təhsilin maliyyələşdirilməsi ilə bağlı rəqəmlər də həmin günlərdə gündəm olmuşdu. Kayanın ABŞ-da təhsil alması üçün İSBAK tərəfindən 85 min 791 ABŞ dolları və əlavə olaraq 20 min 289 lirə ödənilib. Kayanın ABŞ-da Nyu-Yorkdakı Polytechnic Universitetində təhsil aldığı bildirilir. Təhsilini başa vurduqdan sonra Türkiyəyə qayıdan Kaya siyasi fəaliyyətə başlayıb və bundan sonra onun karyerası sürətlə yüksəlib.

2009-cu ildən AKP İstanbul təşkilatında fəaliyyət göstərən Kaya qısa müddət ərzində Ərdoğanın siyasi komandasına daxil olub. Daha sonra AKP-nin İstanbul təşkilatında və partiyanın mərkəzi strukturlarında müxtəlif vəzifələr tutub. 2015-ci ildə İstanbuldan millət vəkili seçilib, AKP-nin MKYK-sında yer alıb. Bir il sonra isə cəmi 35 yaşında ailə və sosial siyasətlər naziri təyin edilib.

Beləliklə, onun siyasi karyerası bir neçə il ərzində İBB-nin AKP tərəfindən idarə olunduğu dövrdə İSBAK-da mühəndislikdən ABŞ-da təhsilə, oradan Ərdoğanın siyasi komandasına, deputatlığa və nazirliyə qədər uzanıb. Kayanın adı 2017-ci ildə Türkiyə-Niderland münasibətlərində yaranan böhran zamanı daha geniş şəkildə tanınıb. Konstitusiya referendumu kampaniyası çərçivəsində Niderlandda AKP tərəfdarları ilə görüş keçirmək istəyən Kaya Rotterdamda polis tərəfindən saxlanılıb və daha sonra ölkədən çıxarılaraq Almaniyaya göndərilib. Hadisə Ankara ilə Amsterdam arasında ciddi diplomatik böhrana səbəb olub.

Lakin bu hadisə Kayanın siyasi karyerasını zəiflətməyib. Əksinə, o, Ərdoğana yaxınlığı ilə tanınan siyasi fiqur kimi fəaliyyətini davam etdirib. Həmin dövrdə ona “Nene Hatun” ləqəbinin verilməsi də siyasi obrazının bir hissəsinə çevrilib. İllər keçdikcə Sayan ailəsinin digər üzvlərinin karyerası da diqqət çəkib. Kayanın qardaşı Ömer Fatih Sayan Türkiyənin texnologiya və telekommunikasiya sahəsində yüksək dövlət vəzifələrində çalışıb. O, Bilgi Teknolojileri ve İletişim Kurumu – BTK-da rəhbər vəzifə tutub, daha sonra Ulaştırma və Altyapı Nazirinin müavini olub. 2026-cı ilin iyulunda isə EPDK – Enerji Piyasası Düzenleme Kurumu üzvü təyin edilib.

Kayanın bacısı Ayşe Hilal Sayan Koytak da dövlət sistemində yüksək vəzifələrə qədər yüksəlib. O, Ailə və Sosial Siyasətlər Nazirliyində rəhbər müavini işləyib, daha sonra Türkiyənin Küveytdə və Bəhreyndə səfiri olub. 2026-cı ilin sentyabrında Koytakın Finlandiyaya səfir təyin edildiyi bildirilib. Ailənin digər üzvü Nazmiye Sümeyye Sayan isə İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin üzvü kimi fəaliyyət göstərib.

Beləliklə, eyni ailənin üzvlərinin Türkiyənin siyasi, bürokratik, diplomatik və yerli idarəetmə strukturlarında müxtəlif yüksək vəzifələrdə çalışması ölkə mediasında və siyasi müzakirələrdə dəfələrlə gündəmə gəlib. İndi isə ailənin ən çox müzakirə olunan adı yenidən Fatma Betül Sayan Kayadır. Bu dəfə isə səbəb onun siyasi fəaliyyəti deyil, həyat yoldaşı ilə birlikdə apardığı iddia olunan birja əməliyyatlarıdır.

Yeni Parti sözçüsü Zeynel Emrenin açıqlamasına görə, Kaya 8 aprel 2026-cı ildə “Özata Denizcilik” səhmlərindən 250 min ədəd alıb. Bunun üçün təxminən 63 milyon 359 min lirə sərmayə qoyduğu və səhmləri sonradan təxminən 1 milyard 344 milyon lirəyə satdığı iddia olunur. İlyas Kayanın isə 155 min səhm üçün 99 milyon 687 min lirə yatırdığı və satışdan 826 milyon lirə əldə etdiyi bildirilir. Beləliklə, söhbət ümumilikdə 163 milyon 46 min lirəlik sərmayədən və 2 milyard 170 milyon lirəlik satış məbləğindən gedir. Rəqəmlər arasındakı fərq təxminən 2 milyard 7 milyon lirədir.

Məhz burada ən ciddi suallar ortaya çıxır. İlkin 163 milyon 46 min lirə haradan gəlib? Səhmlər niyə məhz həmin vaxt alınıb? Şirkətin səhmlərinin kəskin bahalaşacağı barədə əvvəlcədən hər hansı məlumat olubmu? Əməliyyatların vaxtı ilə sonradan ortaya çıxan maliyyə qalmaqalı arasında əlaqə varmı?

Hazırda bu sualların heç birinə yekun hüquqi cavab verilməyib. Ona görə də səsləndirilən iddiaları təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Bununla belə, məhz bu sualların yaranması Kayanın siyasi vəzifəsindən istefa verməsi ilə nəticələnib.

Sentyabrın 26-da Kaya istefasını açıqlayaraq prosesin araşdırılmasına şərait yaratmaq istədiyini bildirib. Sentyabrın 27-də isə AKP sözçüsü Ömer Çelik Ərdoğanın onun istefa tələbini qəbul etdiyini açıqlayıb. Beləliklə, 28 sentyabr 2026-cı il etibarilə Fatma Betül Sayan Kaya artıq Ərdoğanın partiya sədrinin müavini deyil. Onun AKP-nin MYK və MKYK-dakı vəzifələri də başa çatıb.

Bir vaxtlar İBB-nin AKP tərəfindən idarə olunduğu dövrdə İSBAK-da mühəndis kimi işə başlayan, ABŞ-da 85 min 791 dollar və 20 min 289 lirə vəsait hesabına təhsil alan, daha sonra Ərdoğanın siyasi komandasına daxil olaraq deputat, nazir və nəhayət AKP sədrinin müavini vəzifəsinə qədər yüksələn Kaya üçün siyasi karyerasının bu mərhələsi istefa ilə başa çatıb. Amma istefa ilə əsas suallar yox olmayıb… Çünki bu qalmaqalın mərkəzində iki rəqəm dayanır: 163 milyon 46 min lirə və 2 milyard 170 milyon lirə…

Musavat.com