Ermənistanın son dövrlərdə hərbi arsenalını genişləndirməsi və xüsusilə Hindistanla hərbi-texniki əməkdaşlığını intensivləşdirməsi regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. Azərbaycan isə sülh gündəliyinə sadiq qalmaqla yanaşı, regionda yaranmış yeni reallıqların və ölkənin milli təhlükəsizlik maraqlarının nəzərə alınmasını vacib hesab edir. Bu baxımdan İrəvanın hərbi potensialını artırması yalnız müdafiə məsələsi kimi deyil, həm də Cənubi Qafqazda etimad mühitinə və sülh prosesinin davamlılığına təsir göstərə biləcək amil kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın sürətlə silahlanması heç də onun xoş niyyətindən irəli gələn addım kimi qiymətləndirilə bilməz:
“Çünki bu gün regionumuzda formalaşmış yeni reallıqlar və sülh gündəliyi ölkələrin genişmiqyaslı şəkildə silahlanmasını zəruri etmir. Əksinə, tərəflər arasında etimadın möhkəmləndirilməsi, sülh və əməkdaşlıq mühitinin yaradılması əsas prioritet olmalıdır. Lakin Ermənistanın Hindistan və digər ölkələrdən yeni silahlar alaraq hərbi potensialını artırması, təbii ki, bizi narahat etməməyə bilməz. Xüsusilə də Azərbaycanla sülh və əməkdaşlıqdan danışıldığı bir dövrdə Ermənistanın ordusunu sürətlə silahlandırması müəyyən suallar doğurur. Ermənistan hansı məqsədlə hərbi potensialını bu qədər sürətlə artırır? Əgər əsas məqsəd regionda davamlı sülhün təmin edilməsidirsə, o zaman bu cür genişmiqyaslı silahlanmaya nə ehtiyac var?
Digər tərəfdən, Ermənistanın dövlət büdcəsindən ayrılan vəsaitləri sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin rifahının yüksəldilməsinə və ölkənin iqtisadi potensialının artırılmasına yönəltmək əvəzinə, əhəmiyyətli hissəsini hərbi sahəyə sərf etməsi də müəyyən suallar yaradır.
Təbii ki, hər bir dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək hüququ var. Lakin Ermənistanın silahlanma siyasəti regionda sülh və etimad mühitinin formalaşdırılması baxımından müsbət siqnal deyil. Əksinə, bu siyasət İrəvanın gələcək planları ilə bağlı müəyyən narahatlıqların yaranmasına səbəb olur. Sülh prosesi ilə paralel şəkildə sürətli hərbiləşmənin aparılması tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, yeni şübhələrin yaranmasına gətirib çıxarır”.
Millət vəkili bildirib ki, Azərbaycan bütün bu prosesləri diqqətlə izləyir və Ermənistanın hərbi potensialının artırılmasını da nəzarətdə saxlayır:
“Bizim əsas məqsədimiz yeni müharibənin qarşısını almaq, əldə olunmuş sülh imkanlarını qorumaq və regionda uzunmüddətli sabitliyin təmin edilməsidir. Bunun üçün isə bütün tərəflər öz addımları ilə sülhə sadiq olduqlarını nümayiş etdirməlidirlər.
İrəvan hərbi potensialını nə qədər artırsa da, Azərbaycanın regiondakı hərbi və iqtisadi üstünlüyünü aradan qaldıra bilməz. Azərbaycan güclü iqtisadiyyata, müasir və döyüş təcrübəsinə malik orduya, geniş hərbi-texniki imkanlara və güclü müdafiə sənayesinə sahib ölkədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə və sonrakı proseslər Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha nümayiş etdirdi.
Azərbaycan regionda baş verən bütün prosesləri, o cümlədən Ermənistanın yenidən silahlanmasını diqqətlə izləyir. Biz heç vaxt Ermənistan ordusunun Azərbaycan Ordusundan üstün vəziyyətə gəlməsinə imkan verə bilmərik. Çünki Azərbaycan uzun illər işğalla üzləşmiş və bunun ağır nəticələrini yaşamış ölkədir. Bu səbəbdən əldə etdiyimiz tarixi Qələbəni qorumaq, dövlətimizin suverenliyini və təhlükəsizliyini təmin etmək üçün ordumuz daim güclü və hazırlıqlı vəziyyətdə saxlanılmalıdır.
Məhz buna görə də Azərbaycan Ordusunun müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, ən müasir silah və hərbi texnikanın alınması, şəxsi heyətin peşəkarlığının artırılması, eləcə də yeni komando hərbi hissələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Bizim üçün əsas məsələ silahlanma yarışı deyil, Azərbaycanın təhlükəsizliyinin və milli maraqlarının etibarlı şəkildə qorunmasıdır. Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin sülhün təmin olunması güclü dövlət və güclü ordu amilini də istisna etmir.
Çünki Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas qarantlarından biri güclü və peşəkar ordumuzdur. Buna görə də Azərbaycan həm sülh prosesinə öz töhfəsini verməli, həm də ölkənin müdafiə qabiliyyətini yüksək səviyyədə saxlamalıdır”.
// Gülnarə Abasova, Editor.az

