Qarabağdan gedənlərin qapısı QIFILLANIRbackend

Qarabağdan gedənlərin qapısı QIFILLANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistan Baş Prokurorluğu bir müddət əvvəl separatçıların İrəvandakı şər yuvasını ləğv etmək üçün məhkəməyə müraciət edib. Prokurorluq məhkəmə qarşısında iddia qaldıraraq, qondarma “dqr”in İrəvandakı “qərargahının” müsadirə edilməsi tələbini qoyub.

Bu müraciətin üzərindən bir müddət keçməsinə baxmayaraq, məhkəmə qərarının icrası dayandırılmışdı. Lakin Ermənistan prokurorluğu məsələni yenidən qaldırıb. Separatçıların vəkili Roman Yeritsyan bildirib ki, prokurorluq müsadirənin sürətləndirilməsi üçün İnzibati Apelyasiya Məhkəməsinə müraciət edib (Tribuna.az).

İrəvanda sülənən Qazaryan və başının dəstəsi Qarabağa hansı yolla qayıdacaq?

Baş nazir Paşinyan daha əvvəl qeyd edib ki, “Qarabağ hərəkatı”na imkan verməyəcək. Hətta belə toplantıları Ermənistan üçün təhdid adlandırıb. Lakin vaxtaşırı separatçı ünsürlər yığıncaqlar keçirir, özləri danışır, özləri eşidir. Reallıq belədir ki, separatizm Azərbaycandan uzaqlaşsa da, Ermənistanda ideya kimi yaşadılır.

Onların müzakirələrinin əsas mövzusu isə Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin təhlükəsizlik təminatı altında qayıtmaqdır. Bunu da təbii ki, yuxularında görərlər. Sadəcə, bu dəstələrin İrəvanda da fəallığına son qoyulmalıdır.

Görəsən, onların yerləşdiyi binanın müsadirəsi nə kimi rol oynayacaq? Onların əl-qolunun tam bağlanması üçün hansı zəruri qərarlar olmalıdır?

Hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-da bildirib ki, İrəvandakı şərti olaraq “Artsax nümayəndəliyinin binası” adlandırılan bina ətrafında gedən proses sıradan bir əmlak mübahisəsi kimi qiymətləndirilə bilməz:

“Çünki “Qarabağ məsələsi” Ermənistan cəmiyyətinin revanşist və separatçı əhval-ruhiyyəli məlum bir kəsimində hələ də yaşayır. Barəsində mübahisə açılan bina 2017-ci ildən “Dağlıq Qarabağ Respublikası Hökuməti”nin adına dövlət qeydiyyatına alınıb. Lakin son bir neçə ildə Qarabağ məsələsi Ermənistanın dövlət siyasətində əvvəlki kimi prioritet istiqamət sayılmadığından və Paşinyan hökuməti “Qarabağ hərəkatı”na imkan verməyəcəyini, bu hərəkat adına keçirilən toplantıları Ermənistan üçün təhdid saydığını bəyan etdikdən sonra həmin binaya mülkiyyət hüququnun etibarsız sayılması haqqında məhkəmə mübahisəsi qaldırılıb. Bu ilin mayında Ermənistan İnzibati Məhkəməsi prokurorluğun iddiasını təmin edib və nümayəndəlik binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatını etibarsız sayıb. Bu qərardan apellyasiya şikayəti verildiyindən icrası dayandırılıb.

Qulamhüseyn Əlibəyli: "Prezidentə verilən mükafat dünyaya mesaj idi"

Qeyd etmək lazımdır ki, separatizm yalnız silahlı dəstələr, hərbi birləşmələr və ya müəyyən inzibati strukturlardan ibarət olmur. Onun yaşaması üçün siyasi yaddaş, təşkilati mərkəz, simvollar, maliyyə imkanları və ictimai legitimlik iddiası da lazımdır. Bu baxımdan İrəvandakı belə bir strukturun fiziki mövcudluğu keçmiş separatçı rejimin ən azı simvolik və institusional izinin saxlanılması deməkdir. Digər tərəfdən isə Rusiya, Fransa və bəzi başqa Avropa ölkələri anti Azərbaycan mövqeyindən çıxış edərək erməni separatizmini qabardır və Qarabağdan könüllü köçüb getmiş ermənilərin guya beynəlxalq sülhməramlı qüvvələrin təhlükəsizlik təminatı altında qayıdışı məsələsini ön plana çıxarmağa çalışırlar. O cümlədən Ermənistanın Rusiya yönümlü müxalifəti də tez-tez “Artsax” kartından daxili siyasi mübarizədə bir vasitə kimi istifadə edir. Elə buna görə də Ermənistanın hazırkı hakimiyyətinin və Baş naziri Nikol Paşinyanın son dövrdə “Qarabağ hərəkatı”na münasibətini təsadüfi saymaq olmaz. Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistanda “Qarabağ hərəkatı”nın davam etdirilməsinə imkan verilməməlidir və belə cəhdləri Ermənistan üçün yeni müharibə təhlükəsi yarada biləcək amil kimi qiymətləndirir. O, hətta Ermənistan parlamentində separatçı bayrağın nümayiş etdirilməsini də bu kontekstdə təhlükə hesab etdiyini bildirib. Göründüyü kimi, Paşinyan hakimiyyəti üçün problem yalnız keçmiş “Artsax” institutlarının hüquqi statusundan daha çox həmin institutların Ermənistanda yenidən siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qarşısını almaqdır”.

Siyasi şərhçinin fikrincə, barəsində mübahisə açılan binanın dövlət xeyrinə müsadirəsi ilk növbədə separatçıların istifadə etdiyi institusional dayaqlarından birinin aradan qalxmasına səbəb olacaq: “Bu, separatçıların fəaliyyətinin avtomatik olaraq dayandırılması ilə nəticələnməyəcək. Binanın müsadirəsi onun təmsil etdiyi ideyanın ləğvi demək deyil. Separatçı düşüncə başqa ofisdə, başqa təşkilatda, siyasi partiyada, ictimai birlikdə və ya internet platformasında yaşaya bilər. Lakin hakimiyyətin mövqeyi, separatçı ideyanı təmsil edən fiziki və hüquqi infrastrukturdan birinin aradan qaldırması mühüm psixoloji və siyasi mesaj hesab oluna bilər. Bu mesajın mahiyyətini belə başa düşmək olar ki, hakimiyyət Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş keçmiş separatçı dövlətçilik modelinin institusional varlığının qorunmasına dövlət səviyyəsində imkan vermək istəmir. Bu, xüsusilə hazırkı sülh prosesində, Azərbaycanla Ermənistan arasında yeni münasibətlər sisteminin formalaşdığı bir dövrdə əhəmiyyətlidir. Belə ki, İrəvanda separatçı strukturların fəaliyyət göstərməsi üçün institusional strukturların saxlanması haqlı olaraq belə sual yarada bilər ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyan yeni siyasi kurs götürürsə, keçmiş separatizmə aid siyasi institutlar niyə hələ də onun ərazisində fəaliyyət göstərməlidir?

Lakin binanın müsadirəsi Ermənistan cəmiyyətində Azərbaycana münasibətdə separatçılıq ideyasına son qoyulması və “Qarabağ hərəkatı”nın yenidən siyasi layihəyə çevrilməsinin qarşısını almaq üçün yetərli hesab oluna bilməz. Bunun üçün bir neçə istiqamətdə ardıcıl siyasi fəaliyyət göstərilməsi və hüquqi tədbirlər görülməsi vacibdir”.

Ermənistanda “artsax” sökhasökü BAŞLADI

Q.Əlibəyli hesab edir ki, ilk növbədə keçmiş separatçı rejimin Ermənistanda institusional fəaliyyət imkanları hüquqi müstəvidə aydınlaşdırılmalıdır: “Söhbət sırf siyasi fikir ifadəsindən deyil, özünü Azərbaycanın keçmiş ərazisində dövlət qurumu kimi təqdim edən strukturların Ermənistan ərazisində rəsmi və yarı-rəsmi fəaliyyətinin qadağan olunmasından gedir. Daha sonra həmin strukturların maliyyə mənbələri araşdırılmalıdır. Çünki siyasi təşkilatın fəaliyyətini məhdudlaşdırmağın ən səmərəli yollarından biri onun maliyyə və təşkilati resurslarının şəffaflaşdırılmasıdır. Eyni zamanda keçmiş separatçı strukturların Ermənistanın dövlət institutlarından, xüsusilə də siyasi qərarvermə mexanizmlərindən yenidən legitimlik qazanmasının qarşısı alınmalıdır. Burada söhbət parlamentdə simvolların nümayiş etdirilməsi, dövlət səviyyəli tədbirlərdə bu strukturların hər hansı formada təmsil olunması və onların siyasi gündəmin formalaşdırılmasına mümkün təsir imkanlarının məhdudlaşdırılmasından gedir. Və nəhayət Ermənistan hakimiyyəti ilə Azərbaycan arasında formalaşan yeni siyasi reallıqda mühüm prinsip ortaya qoyulmalıdır: Ermənistan ərazisində fəaliyyət göstərən heç bir siyasi və ictimai struktur Azərbaycan ərazisində yeni separatçı siyasi layihənin yaradılmasına və ya onun beynəlxalq səviyyədə legitimləşdirilməsinə çalışmamalıdır. Qeyd etmək lazımdır ki, burada söhbət siyasi fikir azadlığının məhdudlaşdırılmasından deyil, başqa dövlətin ərazi bütövlüyünə qarşı təşkilatlanmış siyasi fəaliyyətin, onun dövlətçilik layihəsinə və dövlət siyasətinə çevrilməsinin qarşısının alınmasından gedir. Azərbaycanın maraqları baxımından da məsələnin mahiyyəti məhz buradadır. Qarabağda separatçı rejimin fiziki mövcudluğu artıq yoxdur. İndi əsas məsələ onun siyasi, təşkilati və ideoloji izlərinin regionun yeni reallığına uyğunlaşdırılması, Ermənistanın dövlət siyasətindən kənarlaşdırılmasıdır”.

Müsavat.com