Həkimlər şəxsi brendinqdə hansı səhvlərə yol verir? – Ekspertdən AÇIQLAMAbackend

Həkimlər şəxsi brendinqdə hansı səhvlərə yol verir? – Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər həkimlərin şəxsi brendinqi və sosial mediada görünürlüyü səhiyyə kommunikasiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Lakin ekspertlər hesab edirlər ki, güclü həkim brendi yalnız çox paylaşım etmək və yüksək izləyici sayına sahib olmaqla formalaşmır. Burada əsas amil peşəkar reputasiya və pasiyentlərdə yaradılan etibardır.

PR və brend meneceri Aida Ramiz Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda həkimlərin şəxsi brendinqində ən çox rast gəlinən səhvlərdən biri şəxsi brendi yalnız sosial media aktivliyi ilə eyniləşdirməkdir:

“Çox paylaşım etmək, peşəkar çəkilişlər və yüksək izləyici sayı görünürlük yarada bilər. Amma tibbdə güclü şəxsi brendin əsas göstəricisi məşhurluq deyil, etibardır.

Digər ciddi səhv kontentin həddindən artıq satış yönümlü olmasıdır. Həkim hər paylaşımda xidmətini və prosedurunu ön plana çıxardıqda ekspert mövqeyi zəifləyə bilər. Güclü həkim brendi insanlarda “bu həkim nə satır?” deyil, “bu mövzuda kimə etibar edə bilərəm?” düşüncəsini yaratmalıdır.

Eyni zamanda, bəzi həkimlər ya çox akademik və anlaşılmaz dildə danışır, ya da diqqət çəkmək üçün tibbi məlumatı həddindən artıq sadələşdirirlər. Halbuki müasir səhiyyə kommunikasiyasında əsas bacarıqlardan biri elmi dəqiqliyi qoruyaraq mürəkkəb məlumatı sadə və anlaşıqlı formada təqdim etməkdir.

Bu gün həkimin reputasiyası yalnız Instagram səhifəsindən formalaşmır. Google nəticələri, media çıxışları, ekspert rəyləri, klinikanın saytındakı təqdimatı və digər rəqəmsal izlər birlikdə onun şəxsi brendini yaradır. Buna görə də həkim ilk növbədə hansı sahədə tanınmaq istədiyini və hansı mövzuların onun adı ilə assosiasiya olunacağını müəyyən etməlidir.

Süni intellektin inkişafı bu sahəyə əlavə məsuliyyət də gətirib. AI ilə kontent hazırlamaq asanlaşıb, amma tibbdə sürət heç vaxt dəqiqliyin önünə keçməməlidir. Eyni zamanda, həkimlərin görüntü və səsindən istifadə edilən saxta AI məzmunları rəqəmsal reputasiyanın qorunmasını gələcəyin şəxsi brendinqində vacib istiqamətlərdən birinə çevirir.

Məncə, Azərbaycan həkimləri üçün növbəti mərhələ daha çox paylaşmaq deyil, daha düzgün mövqelənməkdir. Hər həkimin influenser olmasına ehtiyac yoxdur. Amma öz sahəsində aydın mövqeyi olan, faydalı məlumat verən və mediada doğru mövzularla görünən həkim zamanla sadəcə auditoriya deyil, etibar kapitalı yaradır.

Şəxsi brendinq həkimi məşhurlaşdırmaq üçün deyil, onun peşəkar dəyərini doğru auditoriyaya doğru şəkildə çatdırmaq üçündür. Tibbdə isə ən güclü brend insanların adınızı eşidəndə hiss etdiyi güvəndir”.

//Gülnarə Abasova, Editor.az