İrəvanın “ikiqütblü” siyasəti: Ermənistan strateji seçim qarşısında qalıbbackend

İrəvanın “ikiqütblü” siyasəti: Ermənistan strateji seçim qarşısında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son dövrlərdə xarici siyasətdə paralel istiqamətlər üzrə hərəkət etməsi regionda yeni geosiyasi reallıqlar fonunda diqqətlə izlənilir. İrəvanın bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə çalışması, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqındakı mövqeyini qorumağa cəhd göstərməsi Moskva ilə münasibətlərdə etimad böhranını daha da artırır. Rusiya rəsmilərinin sərt mesajları və Ermənistanda daxili siyasi qarşıdurmaların intensivləşməsi göstərir ki, ölkənin hazırkı xarici siyasət kursu uzunmüddətli perspektivdə ciddi strateji seçim zərurəti yarada bilər. Bu baxımdan Ermənistanın gələcək siyasi trayektoriyası yalnız ölkədaxili proseslərə deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına da birbaşa təsir göstərəcək.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda gedən siyasi proseslər Nikol Paşinyanın hələ də balans siyasəti yürütmək cəhdi kimi qiymətləndirilə bilər

“Lakin müşahidələr göstərir ki, Nikol Paşinyan artıq daha çox Qərbə və avrointeqrasiya kursuna yaxın mövqe sərgiləyir. O, MDB hökumət başçıları sammitində iştirak etmədi, KTMT-dən faktiki olaraq uzaqlaşıb, yalnız Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirir. Bu isə əsasən Ermənistanın iqtisadi maraqları ilə bağlıdır. Eyni zamanda Rusiyanın prezidenti və digər yüksək səviyyəli rəsmiləri tərəfindən Ermənistanın hazırkı siyasi kursuna dair narahatlıq açıq şəkildə ifadə olunur, sərt və xəbərdarlıq xarakterli bəyanatlar səsləndirilir. Ermənistan hakimiyyətinə mesaj verilir ki, Qərbə inteqrasiya siyasəti ilə paralel şəkildə Avrasiya İttifaqında qalmaq mümkün deyil.

Göründüyü kimi, Ermənistan-Rusiya münasibətlərində ziddiyyətlər getdikcə daha da dərinləşir. Hesab edirəm ki, bu proses Rusiyanın Ermənistana iqtisadi və siyasi təzyiqlərinin artması ilə müşayiət olunacaq. Belə vəziyyət isə Cənubi Qafqazda geosiyasi sabitlik üçün əlavə risklər yaradır. Moskva ilə münasibətlərin daha da gərginləşəcəyi ehtimalı yüksəkdir. Bununla yanaşı, düşünürəm ki, Nikol Paşinyan qarşıdakı seçkilərdə üstün mövqeyini qoruyub saxlaya bilər. Azərbaycanla yekun sülh sazişinin imzalanması, sərhədlərin açılması, eləcə də Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın regional mövqeyini gücləndirə və Paşinyanın Rusiyanın təzyiqləri qarşısında manevr imkanlarını genişləndirə bilər.

Bununla belə, Ermənistanın uzunmüddətli dövrdə həm Rusiya və Avrasiya İttifaqı ilə sıx münasibətləri qoruyaraq, eyni zamanda Avropa İttifaqı ilə dərin siyasi inteqrasiyaya nail olması kifayət qədər çətin görünür. Hesab edirəm ki, Rusiya Ermənistanın Qərblə siyasi yaxınlaşmasına tolerant yanaşmayacaq. Buna görə də perspektivdə İrəvanın daha çox Qərblə münasibətləri inkişaf etdirməyə üstünlük verməsi ehtimalı daha yüksəkdir”.

//Gülnarə Abasova, Editor.az