Kardioloq qəhvənin hansı saatlarda içilməsinin ürək üçün zərərli ola biləcəyini açıqlayıbbackend

Kardioloq qəhvənin hansı saatlarda içilməsinin ürək üçün zərərli ola biləcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam insan üçün gündə iki-üç fincan qəhvə ürək sağlamlığı baxımından faydalı ola bilər. Lakin mütəxəssislərin fikrincə, qəhvənin təsirində yalnız miqdar deyil, onun hansı saatda qəbul edilməsi də mühüm rol oynayır.

Editor.az xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzində çalışan kardioloq və tibb elmləri doktoru Natalya Vasyukova qəhvənin ürəyə nə zaman fayda verdiyini, hansı hallarda isə əlavə yük yaratdığını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, insan oyandıqdan dərhal sonra orqanizm təbii şəkildə oyanma prosesinə keçir. Bu zaman stress hormonu kimi tanınan kortizolun səviyyəsi yüksəlir, ürək döyüntüləri sürətlənir və qan təzyiqi artır. Bu vəziyyət təxminən 30-45 dəqiqə davam edə bilər.

Kofein də eyni sistemləri stimullaşdırdığı üçün səhər yuxudan dərhal sonra qəhvə içmək ürək-damar sisteminə düşən yükü artıra bilər.

“Gizli aritmiyası və ya qeyri-sabit qan təzyiqi olan insanlarda ilk simptomlar səhər saatlarında üzə çıxa bilər. Bunlara ürəkdöyünmə, narahatlıq və təşviş hissi daxildir. Oyandıqdan sonra bir stəkan su içmək və təxminən bir saat gözləmək əlavə stimullaşdırıcı təsiri azaltmaq üçün kifayətdir”, – deyə Vasyukova bildirib.

Kardioloq axşam saatlarında qəhvə qəbulunun isə başqa səbəbdən ürəyə əlavə yük yarada biləcəyini qeyd edib.

Kofein orqanizmdən tədricən xaric olur. Əksər yetkin insanlarda qəbul edilən kofeinin yarısının qandan çıxarılması 3-5 saat çəkir. Lakin maddələr mübadiləsi daha yavaş olan insanlarda – genetik xüsusiyyətlər, qaraciyər xəstəlikləri və ya bəzi dərmanların təsiri nəticəsində – bu müddət 12 saata qədər uzana bilər.

“Gecə saatlarında ürək-damar sistemi bərpa olunarkən ürək döyüntüləri və qan təzyiqi normal olaraq azalır. Bu fizioloji enmə ‘gecə düşüşü’ adlanır. Əgər insan uzun illər ərzində axşam saatlarında, xüsusilə gecə yarısından sonra kofein qəbul edərsə, bu proses pozula bilər və zamanla hipertoniya riskini artıra bilər. Axşam bir fincan qəhvə özü-özlüyündə təhlükəli deyil. Təhlükəli olan onun müntəzəm və yanlış zamanda qəbul edilməsidir”, – deyə kardioloq vurğulayıb.

Mütəxəssis siqaret çəkən insanların qəhvə qəbulu məsələsində həkimlə fərdi şəkildə məsləhətləşməsinin vacib olduğunu bildirib.

Nikotin qan damarlarını daraldır, qan təzyiqini yüksəldir və ürək döyüntülərini sürətləndirir. Kofein isə bu stimullaşdırıcı təsirə əlavə yük gətirə bilər.

Kardioloqun sözlərinə görə, səhər saatlarında susuzluq və yüksək kortizol səviyyəsi ilə yanaşı, nikotin və kofeinin birlikdə qəbulu ürək-damar sisteminə düşən yükü daha da artırır. Bu səbəbdən ürək-damar xəstəlikləri üçün risk faktorları olan siqaret çəkən şəxslər üçün səhər acqarına qəhvə içmək və eyni zamanda siqaret çəkmək günə başlamağın ən əlverişsiz yollarından biri hesab olunur.

Natalya Vasyukova qəhvədən tamamilə imtina etməyə ehtiyac olmadığını, əsas məsələnin onun qəbul vaxtı və digər stimullaşdırıcılarla birləşdirilməməsi olduğunu qeyd edib.

“Kofe ürəyin dostu ola bilər. Lakin burada vaxt və qəbul forması böyük əhəmiyyət daşıyır. Qəhvəni oyandıqdan təxminən bir saat sonra, acqarına olmadan, günün ikinci yarısında isə saat 16:00-dan əvvəl içmək daha məqsədəuyğundur. Həmçinin səhər saatlarında qəhvəni siqaretdən ayrı qəbul etmək lazımdır. Bir neçə sadə qaydaya əməl etməklə qəhvə ilə bağlı risklərin əksəriyyətini azaltmaq mümkündür”, – deyə kardioloq bildirib.

//Gülnarə Abasova, Editor.az