Südə qarşı allergiya zamanı simptomlar məhsul qəbul edildikdən bir neçə dəqiqə sonra və ya bir saat ərzində özünü göstərə bilər. Lakin bəzi hallarda allergik reaksiyalar bir neçə saat, hətta gün sonra da ortaya çıxa bilər.
Editor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, süd allergiyasının əlamətləri spesifik olmaya və digər sağlamlıq problemləri ilə, o cümlədən laktoza dözümsüzlüyü və mədə-bağırsaq xəstəlikləri ilə qarışdırıla bilər. Buna görə də əsas diqqət qida qəbulu ilə orqanizmin reaksiyası arasındakı əlaqəyə yönəldilməlidir.
Həkim süd allergiyasının mümkün əlamətləri arasında dəridə qaşınma, qızartı, quruluq, ürtiker, qabarcıqlar, üzün və ya üzün müəyyən nahiyələrinin, o cümlədən dodaq, göz qapağı və dilin şişməsini qeyd edib.
Bundan əlavə, qarın ağrısı, köp, qaz, ürəkbulanma, qusma və ishal da müşahidə oluna bilər. Bəzi hallarda nəcisdə qan və ya selik də aşkarlana bilər.
Tənəffüs sistemi ilə bağlı simptomlara isə burun tutulması, burun axması, öskürək və nadir hallarda nəfəs almaqda çətinlik daxildir.
Həkim bildirib ki, ən geniş yayılmış allergiya növlərindən biri olan İgE vasitəçiliyi ilə yaranan allergik reaksiyalarda simptomlar adətən süd qəbul edildikdən bir neçə dəqiqə sonra və ya bir saat ərzində meydana çıxır. Lakin İgE ilə əlaqəli olmayan allergiya formalarında reaksiyalar gecikə və bir neçə saat, hətta gün sonra baş verə bilər.
//Gülnarə Abasova, Editor.az

