Həkim xəbərdarlıq etdi: Qəhvə xüsusilə narahat insanlarda asılılıq yarada bilərbackend

Həkim xəbərdarlıq etdi: Qəhvə xüsusilə narahat insanlarda asılılıq yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssis qəhvənin narkotik maddə hesab edilmədiyini, lakin bəzi insanlarda psixoloji asılılığa səbəb ola biləcəyini açıqlayıb.

Qəhvə, xüsusilə narahatlıq problemi yaşayan insanlarda psixoloji asılılıq yarada bilər.

Editor.az xəbər verir ki, bu barədə nevroloq və psixiatr, Novqorod Klinik İxtisaslaşdırılmış Psixiatriya Mərkəzinin gündüz stasionarının rəhbəri Viktor Alekseyev bildirib.

Həkimin sözlərinə görə, insan beynindəki “mükafat sistemi” müxtəlif asılılıqların formalaşmasında mühüm rol oynayır. Bu prosesdə əsas mexanizmlərdən biri dopaminlə bağlıdır. Dopamin insana zövq hissi verməklə yanaşı, beyinə müəyyən davranışın vacib olduğunu və təkrarlanmalı olduğunu “öyrədir”.

Mütəxəssis qeyd edib ki, beyin bəzən qısamüddətli zövq verən, lakin uzunmüddətli perspektivdə problem yarada biləcək vərdişləri də “faydalı” kimi qəbul edə bilər. Qəhvə içmək, sosial şəbəkələrdə uzun müddət lentə baxmaq və alış-veriş etmək buna nümunədir.

Alekseyevin sözlərinə görə, asılılığın formalaşması bir neçə mərhələdən keçir. İlk mərhələdə insanın beynində “davranış = zövq” əlaqəsi yaranır. Daha sonra bu vərdiş orqanizmin maddələr mübadiləsi proseslərinə daxil olur. Üçüncü mərhələdə isə orqanizmdə ağır və geri dönməz dəyişikliklər baş verə bilər.

Bununla belə, həkim vurğulayıb ki, söhbət kofein kimi narkotik olmayan stimullaşdırıcılardan gedirsə, asılılıq, demək olar ki, həmişə ilkin mərhələdə qalır.

Mütəxəssis əlavə edib ki, bəzi insanlar konkret olaraq qəhvəyə deyil, ümumiyyətlə asılılıq davranışlarına daha çox meylli ola bilərlər. Onun sözlərinə görə, insanlarda “qəhvəyə sevgi geni” yoxdur, lakin müəyyən genetik xüsusiyyətlər asılılıq davranışlarının yaranmasına zəmin yarada bilər.

Həkim xüsusilə narahatlıq yaşayan insanların müxtəlif asılılıqlara daha həssas olduğunu bildirib. Onun fikrincə, bunun əsas səbəblərindən biri daxili gərginliyi azaltmaq və beyni qısa müddətdə sakitləşdirmək istəyidir.

Alekseyev qəhvədən tamamilə imtina etməyə ehtiyac olmadığını da qeyd edib. Onun sözlərinə görə, təhlükəsiz kofein miqdarı hər bir insan üçün fərqli ola bilər.

“Qəhvə içdikdən sonra ürəkdöyünmə və ya narahatlıq hissinin artdığını müşahidə edirsinizsə, qəbul etdiyiniz miqdarı azaltmaq lazımdır. Qəhvəni acqarına və saat 14:00-dan sonra içmək tövsiyə edilmir”, – deyə həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, qəhvə içmək vərdişi artıq insanın gündəlik həyatına və sağlamlığına mənfi təsir göstərirsə, problemin həlli istiqamətində addım atmaq vacibdir. Onun sözlərinə görə, pozulmuş “mükafat sistemini” bərpa etmək mümkündür. Bunun üçün sadəcə zərərli vərdişdən imtina etmək kifayət deyil; insan zövq və rahatlıq hissini daha sağlam yollarla əldə etməyi öyrənməlidir.

Həkim bu prosesdə psixoloq və ya psixoterapevt dəstəyinin faydalı ola biləcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az