İran üçün çətin günlər başlayır: Rejim ABŞ ilə xalq arasında qalıbbackend

İran üçün çətin günlər başlayır: Rejim ABŞ ilə xalq arasında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğu barədə həyəcan təbili çalıb.

O, Məhkəmə Hakimiyyəti Şurasının iclasında çıxışı zamanı deyib ki, iqtisadiyyat hərbi hücumlardan sonra ölkənin əsas döyüş meydanına çevrilib.

Onun sözlərinə görə, İran tammiqyaslı müharibə ilə üz-üzədir:

“İqtisadi təzyiqin artması və insanların dolanışıq şəraitinin pisləşməsi ictimai narazılığı gücləndirə və xalqın dəstəyini zəiflədə bilər”.

Pezeşkian bu açıqlaması ilə nəyə işarə edir?

Siyasi şərhçi Azər Qasımov bildirib ki, Pezeşkian həmin bəyanatı ilə xalqın ölkə daxilində narazılığının artan templə getdiyinə işarə vurub:

İran iqtisadiyyatı müharibədən öncə də çətin durumda idi. İqtisadiyyatın indiki müharibə dövründə daha da pisləşəcəyi isə təbiidir. ABŞ-nin zərbələri istər enerji, istərsə də hərbi və mülki obyektlərə dağıdıcı təsir edir. Bütün iqtisadiyyat məhv edilir. Bu durumda vəziyyətin daha da pisləşəcəyi gözləniləndir. Dağılmış iqtisadiyyatın bərpası üçün isə həm illər lazımdır, həm də bu, indiki durumda əldə edilməsi çətin olan külli miqdarda vəsait tələb edir. Xalqın narazılığının getdikcə artacağı ehtimalı böyükdür. İqtisadi çətinlik, elektrik enerji istehsalı obyektlərinin, içməli su anbarlarının vurulması əhalini hakimiyyətə qarşı qaldıra bilər”.

Ekspertə görə, Pezeşkian bu açıqlaması ilə hakimiyyəti hər şeyə hazır olmağa çağırır.

A. Qasımov hesab edir ki, İran üçün çətin günlər bundan sonra başlayacaq:

“Müharibə davam edəcəksə, bu, daha çox vəsait tələb edəcək. ABŞ isə istədiyini əldə etməsə, zərbələri davam etdirəcək, bəlli aralıqlarla olsa belə. Bu, İran hakimiyyətinin işini də çətinləşdirir. Yəni ABŞ-nin istədiklərini verməsə Vaşinqton, versə xalq hakimiyyəti bağışlamayacaq. ABŞ-nin istədiyini edəcəklərsə, onda bu miqyasda dağıntıya nə ehtiyac olduğunun hesabı mütləq xalq tərəfindən sorulacaq”.\\bakupost.az