“Azərbaycan mediası informasiya siyasətinin lokomatividir”-Millət vəkilibackend

“Azərbaycan mediası informasiya siyasətinin lokomatividir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“151 illik şərəfli yol keçən Azərbaycan milli mətbuatı bu gün də yeni çağırışlara uyğunlaşaraq inkişaf edir. Rəqəmsallaşma, süni intellekt və qlobal informasiya rəqabəti dövründə qarşıda yeni vəzifələr olsa da, milli jurnalistikanın əsas missiyası dəyişmir – həqiqəti müdafiə etmək, cəmiyyətə düzgün informasiya çatdırmaq və Azərbaycanın dövlətçilik maraqlarını hər zaman uca tutmaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənəsi yeni bir dövrün başlanğıcı oldu:

““Əkinçi” Azərbaycan cəmiyyətində maarifçilik ideyalarının yayılmasına, milli kimliyin formalaşmasına və ictimai fikrin inkişafına güclü təsir göstərdi. Müstəqillik dövründə isə Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının inkişafına mühüm təkan verdi. Bunun nəticəsində Azərbaycan jurnalistikası daha müasir prinsiplər əsasında formalaşdı, cəmiyyətin məlumatlandırılmasında və ictimai nəzarətin təmin olunmasında rolunu daha da gücləndirdi. Sonrakı illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, informasiya texnologiyalarının inkişafı və media institutlarının güclənməsi milli mətbuatın rəqabət qabiliyyətini artırdı.

Bu gün Azərbaycan mediası dövlətin beynəlxalq informasiya siyasətinin mühüm iştirakçılarından biridir. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Əgər əvvəllər müharibələr əsasən silahlarla aparılırdısa, indi informasiya məkanı da əsas döyüş meydanlarından biri hesab olunur. Dezinformasiya, saxta xəbərlər, manipulyasiya texnologiyaları və sosial şəbəkələr vasitəsilə aparılan psixoloji təsir kampaniyaları dövlətlər üçün ciddi çağırış yaradır. Bu reallıq 2020-ci ildə 44 günlük Vətən müharibəsində, eləcədə 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatında özünü xüsusilə qabarıq göstərdi. Azərbaycan döyüş meydanında tarixi Zəfər qazandığı kimi, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Azərbaycan mediası beynəlxalq ictimaiyyəti operativ və dəqiq informasiya ilə təmin etdi, düşmən tərəfindən yayılan çoxsaylı dezinformasiyaların ifşasında fəal rol oynadı. Dünyanın aparıcı media qurumları hadisələrlə bağlı operativ və dəqiq məlumatları əsasən Azərbaycan mənbələrindən əldə edirdi. Dövlət qurumlarının, xüsusilə Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynadı”.

Millət vəkili bildirib ki, informasiya müharibəsi hərbi əməliyyatların başa çatması ilə bitməyib:

“Əksinə, postmünaqişə dövründə bu mübarizə daha mürəkkəb xarakter alıb. Bu gün Azərbaycan haqqında qərəzli məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ölkəmizə qarşı müxtəlif informasiya kampaniyalarının aparılması göstərir ki, media daim ayıq-sayıq olmalı, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır.

Süni intellekt, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın qarşısında yeni və daha mürəkkəb vəzifələr dayanır. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni risklər gətirib. Bu şəraitdə operativlik qədər dəqiqlik, xəbərin ilk verilməsi qədər onun doğruluğunun yoxlanılması da əsas peşə meyarına çevrilir. Media savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Bu reallıqlar fonunda artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Forumu bir da vacib əhəmiyyət kəsb edir.

Bu gün müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın mühüm elementidir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Saxta xəbərlərin qlobal miqyas aldığı, informasiya manipulyasiyalarının geniş yayıldığı şəraitdə cəmiyyətin etibarlı informasiya ilə təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Milli media həm vətəndaşların düzgün məlumat almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir.
Bir reallıq da var ki, xüsusilə beynəlxalq münasibətlərdə bəzi media resurslarının hadisələrə selektiv yanaşması, ikili standartlardan çıxış etməsi və təsdiqlənməmiş məlumatları tirajlaması ictimai rəyin qəsdən yönləndirilməsi məqsədi daşıyır. Belə yanaşma jurnalistikanın mahiyyətinə zidd olmaqla yanaşı, media institutuna olan etimadı da sarsıdır. Mətbuatın hər hansı siyasi mərkəzin, lobbi qrupunun və ya maraq dairəsinin təsir vasitəsinə çevrilməsi cəmiyyətə xidmət edən müstəqil jurnalistika prinsipləri ilə uzlaşmır. Təəssüf ki, Azərbaycana münasibətdə də zaman-zaman belə yanaşmaların şahidi oluruq. Bəzi xarici media orqanları, eləcə də “milli” blogerlər tərəfindən müxtəlif platformalarda ölkəmizlə bağlı hadisələrin birtərəfli təqdim edilməsi, faktların kontekstdən çıxarılması peşəkar jurnalistikanın deyil, informasiya manipulyasiyasının əlamətidir. Tənqid və obyektiv araşdırma jurnalistikanın ayrılmaz hissəsidir. Ancaq qərəzli yanaşma, dəqiqləşdirilməmiş məlumatların yayılması və siyasi məqsədlərə xidmət edən informasiya kampaniyaları media etikasına da ziddir.

Azərbaycan milli mətbuatı tarix boyu olduğu kimi, bu gün də dövlətçilik maraqlarını əsas prioritet hesab edir və milli maraqları hər cür şəxsi və ya qrup maraqlarından üstün tutur. Azərbaycan jurnalistikasının çoxəsrlik ənənəsi göstərir ki, milli mətbuatımız ən çətin sınaqlardan belə peşəkarlıq və məsuliyyətlə çıxmağı bacarıb”.

//Gülnarə Abasova, Editor.az