Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı diqqət çəkən məqamlardan biri də Prezidentin köməkçisi Hikmət Hacıyevin özünü jurnalist kimi təqdim edən bloqer Tural Sadıqlı ilə dialoqu oldu.
Bu söhbət təkcə bir müzakirə deyil, həm də dövlətçilik anlayışı, media məsuliyyəti və milli dəyərlər ətrafında ciddi mesajlarla yadda qaldı.
Bu dialoqda ən yaddaqalan cümlə isə heç şübhəsiz bu idi: “Həyatda ən çətin və ən ağır şey Vətənə, dövlətə xəyanət etməkdir.”
Əslində, Hikmət Hacıyev bu sözlərlə təkcə bir nəfərə cavab vermədi. O, illərdir xaricdə müxtəlif adlar altında fəaliyyət göstərərək Azərbaycanın milli maraqlarına qarşı mövqe sərgiləyən, dövlətin nüfuzuna zərbə vurmağa çalışan şəxslərə də aydın mesaj verdi. Çünki Vətən anlayışı gündəlik siyasi maraqlardan, şəxsi ambisiyalardan və müəyyən dairələrin sifarişlərindən qat-qat böyükdür.
Siyasi baxış fərqli ola bilər, hakimiyyəti tənqid etmək də demokratik cəmiyyətlərdə normal prosesdir. Ancaq dövlətin maraqlarını hədəfə almaq, ölkənin beynəlxalq imicinə zərər vurmağa çalışmaq və xarici auditoriya qarşısında öz dövlətinə qarşı kampaniya aparmaq artıq siyasi mövqe deyil, dövlətçilik məsuliyyətindən uzaq davranışdır.
Tural Sadıqlının özünü media nümayəndəsi kimi təqdim etməsinə Hikmət Hacıyevin “Siz media deyilsiniz” cavabı da peşəkar jurnalistika ilə sosial şəbəkələrdə formalaşan subyektiv təbliğat arasındakı fərqi aydın şəkildə ortaya qoydu. Çünki jurnalistika sadəcə danışmaq və fikir səsləndirmək deyil. Jurnalistika fakt, məsuliyyət, obyektivlik və cəmiyyət qarşısında mənəvi öhdəlik tələb edən peşədir.
Təəssüf ki, bu gün bəzi şəxslər azad söz anlayışını öz məqsədlərinə uyğun şəkildə şərh etməyə çalışırlar. Onlar təhqiri, böhtanı və manipulyasiyanı “media fəaliyyəti” kimi təqdim etməklə əslində həm jurnalistikanın nüfuzuna, həm də söz azadlığı anlayışına zərbə vururlar.
Almaniyada baş tutan həmin söhbətdə səslənən bir neçə cümlə əslində böyük bir həqiqəti ortaya qoydu. Dövlətə münasibət insanın kimliyini, dəyərlərini və siyasi mədəniyyətini göstərir. Çünki Vətən yalnız xəritədəki ərazi deyil, milyonlarla insanın tarixidir, yaddaşıdır, şəhidlərin əmanətidir.
Xaricdə yaşamaq heç kimə öz dövlətinə qarşı məsuliyyətsiz davranmaq haqqı vermir. Əksinə, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlı öz davranışı ilə ölkəsinin adını və nüfuzunu təmsil edir.
Hikmət Hacıyev həmin dialoqda yalnız bir bloqerə cavab vermədi, həm də dövlətçilik dəyərlərinin harada başlayıb harada bitdiyini göstərdi. Vətənə və dövlətə sədaqət insanın ən mühüm mənəvi göstəricilərindən biridir. Bu yoldan uzaqlaşanlara isə veriləcək ən dəqiq qiyməti onun sözləri ifadə edir: Vətənə və dövlətə xəyanət edənlərə yalnız yazığım gəlir!
Fərid Şahbazlı

