Təhsil sisteminin inkişafı yalnız yeni məktəblərin və tədris imkanlarının yaradılması ilə məhdudlaşmır. Müasir dövrdə təhsilin keyfiyyəti müəllimin peşəkarlığı, şagirdə yanaşma üsulları, tədris metodlarının yenilənməsi və təhsil mühitinin dəyişən tələblərə uyğunlaşdırılması ilə birbaşa bağlıdır. Texnologiyanın gündəlik həyatın bütün sahələrinə nüfuz etdiyi bir vaxtda müəllimdən ənənəvi bilik ötürən şəxs olmaqla yanaşı, şagirdin düşünmə, təhlil etmə və müstəqil qərarvermə bacarıqlarının inkişafına istiqamət verən pedaqoq kimi çıxış etməsi gözlənilir.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanın təhsil sisteminin qarşısında dayanan əsas vəzifələri, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilin rəqəmsallaşdırılması və müasir müəllim modelinin formalaşdırılması məsələlərini Milli Məclisin deputatı Ceyhun Məmmədovla müzakirə etdik.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, dünyada gedən proseslərə baxdıqda görünən odur ki, bu gün təhsil sahəsində, eləcə də digər sahələrdə çox böyük dəyişikliklər gedir:
“Bu gün dünyada, bizim ölkəmizdə də çox ciddi proseslər gedir. Mən düşünürəm ki, təhsilə baxış, təhsilə yanaşma tamamilə dəyişməlidir. Bugünkü dünya təhsili dünyamızın əldə etdiyi uğurlarla ayaqlaşmır və bu sahədə təhsilin qarşısında çox böyük missiya və hədəf durur.
Bu mənada bizim qarşımızda duran hədəflərə, məqsədlərə və vəzifələrə gəldikdə isə məsələyə diqqətlə baxanda görürəm ki, bir neçə istiqamətdə mütləq şəkildə iş aparmalıyıq.
Burada birinci məsələ müəllimlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Son illər sertifikasiya ilə bağlı xeyli işlər görülsə də, bu gün bizi hələ də düşündürən bəzi məsələlər var. Ona görə də mütləq şəkildə müəllimlərin maaşına baxılmasına ehtiyac var. Bu, təkcə maaş məsələsi deyil. Onların ev şəraiti, kredit əldə etməsi, əlavə güzəştlər məsələsi də gündəmdə olmalıdır”.
C. Məmmədovun sözlərinə görə, hazırda təhsil sisteminin qarşısında duran əsas məsələlərdən biri də rəqəmsallaşmadır:
“Təhsil rəqəmsallaşdırılmalıdır. Bu proses də ağır gedir. Distant təhsilin bazasının yaradılması, distant təhsil mərkəzinin yaradılması istiqamətində işləri həyata keçirməliyik.
Eyni zamanda, mən hesab edirəm ki, müəllimlərin bilik və təcrübəsinin artırılması istiqamətində addımlar atılmalıdır. Vaxtilə Azərbaycanda Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu var idi, bu gün bu institut artıq fəaliyyət göstərmir. Bu institutun fəaliyyətinin yenidən bərpa olunmasına, yenidən fəaliyyət göstərməsinə bizim ciddi ehtiyacımız var. Biz həmin istiqamətdə də davamlı, sistemli addımlar atmalıyıq ki, müəllimlər daha çox üzərlərində işləsinlər.
Bu gün hesab edirəm ki, təhsilimizin qarşısında duran mühüm məsələlərdən biri də təhsilin əzbərçilik yox, təhlil, düşüncə və təfəkkür bazası əsasında qurulması və bu istiqamətdə addımların atılmasıdır.
Məktəblərimizdə tərbiyə işinin daha da gücləndirilməsi də vacibdir. Bu gün biz ümumən götürdükdə təhsilə çox önəm veririk, amma tərbiyə sahəsində axsayırıq.
Universitetlərimizdə təhsilin keyfiyyəti artmalıdır. Təəssüf ki, bu gün universitetlərin məzun etdiyi kadrların heç də hamısının bilik səviyyəsi ürəkaçan deyil. Bu istiqamətdə də biz çox ciddi düşünməliyik ki, bu prosesə özümüzün töhfəmizi verək”.
//Gülnarə Abasova, Editor.az

