Keçmiş “Qalatasaray”lı futbolçunun sözləri gündəm oldu: “Düşündüklərimi desəm, hər yer partlayar”backend

Keçmiş “Qalatasaray”lı futbolçunun sözləri gündəm oldu: “Düşündüklərimi desəm, hər yer partlayar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”dan “Kasımpaşa”ya keçən Kerem Demirbay keçmiş klubunun son illərdə qazandığı çempionluqlarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Futbolçunun açıqlamaları Türkiyə futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarımmüdafiəçi jurnalist Yağız Sabuncuoğlunun suallarını cavablandırarkən “Qalatasaray”ın son dörd ildəki uğurları barədə danışıb.

“Düşündüklərimi desəm, hər yer çox böyük partlayar. Komanda yoldaşlarımı çox sevirəm, amma hər şey kənardan göründüyü kimi deyil”, – deyə Demirbay bildirib.

Jurnalistin əlavə sualına isə futbolçu “Onu deyə bilmərəm. Hamı susur, inan mənə” cavabını verib. Onun konkret hansı məsələləri nəzərdə tutduğunu açıqlamaması müxtəlif şərhlərə yol açıb.

Futbolçu keçmiş klubu ilə qarşılaşmaq ehtimalından da danışıb. O, “Qalatasaray”a böyük hörmət bəslədiyini və komandadan ayrıldıqdan sonra digər böyük klublardan da təkliflər aldığını söyləyib.

Demirbay keçmiş komandasına qarşı oyunun çətin keçəcəyini, lakin futbolda hər nəticənin mümkün olduğunu vurğulayıb.

Futbolçu açıqlamasına aydınlıq gətirdi

Səsləndirdiyi fikirlərin müzakirələrə səbəb olmasından sonra Demirbay yazılı açıqlama yayaraq sözlərinin kontekstdən çıxarıldığını bildirib.

O, “Qalatasaray”ın son dörd ildə qazandığı çempionluqların böyük zəhmət, fədakarlıq və mübarizə nəticəsində əldə olunduğunu xüsusi qeyd edib. Futbolçu həmin uğurların iki ilində komandanın üzvü olduğunu və bu prosesdə yaşanan çətinlikləri şəxsən gördüyünü xatırladıb.

Demirbayın sözlərinə görə, komanda həmin dövrdə həm maddi, həm də mənəvi problemlərlə üzləşib. Lakin futbolçular, məşqçilər və klub əməkdaşları çətinliklərə baxmayaraq birlik nümayiş etdirərək qarşılarına qoyulan məqsədlərə çatıblar.

Yarımmüdafiəçi fikirlərinin yanlış anlaşılmasına görə təəssüfləndiyini bildirib. O, keçmiş komanda yoldaşlarının əməyini və qazanılan titulların dəyərini şübhə altına almaq niyyətində olmadığını vurğulayıb.

Demirbay açıqlamasının sonunda “Qalatasaray”da birlikdə çalışdığı insanlara hörmətini ifadə edib və hazırda yeni komandası “Kasımpaşa” üçün eyni əzmlə mübarizə apardığını qeyd edib.