“İlin sonuna qədər ABŞ-İran arasında anlaşma olmayacaq” – Politoloqdan Trampın açıqlamasına ŞƏRHbackend

“İlin sonuna qədər ABŞ-İran arasında anlaşma olmayacaq” – Politoloqdan Trampın açıqlamasına ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında müharibənin noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl, ən geci isə seçkilərdən sonra başa çatacağını bildirib. O, İranın razılaşma əldə etməkdə maraqlı olduğunu iddia edib və Vaşinqtonun “yaxşı olmayan heç bir razılaşmaya” imza atmayacağını vurğulayıb. Müharibənin mümkün başa çatma müddətinin ABŞ-dakı seçkilərlə əlaqələndirilməsi Tramp administrasiyasının İran siyasətində hərbi və diplomatik hesablamalarla yanaşı, daxili siyasi amillərin də nəzərə alındığı barədə suallar doğurur. Xüsusilə qarşıdurmanın enerji bazarlarına, neft qiymətlərinə və qlobal nəqliyyat marşrutlarına təsiri fonunda Trampın bu açıqlamasının hansı siyasi və strateji məqsədlərə xidmət etdiyi diqqət çəkir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Donald Trampın İran savaşı ilə bağlı açıqlamalarına zaman-zaman diqqət yetirdikdə, kifayət qədər ziddiyyətli məqamların olduğu müşahidə olunur:

“Onun son açıqlamaları isə İranla savaşın noyabrda keçiriləcək aralıq seçkilərə qədər, yaxud seçkilərdən sonrakı dövrdə başa çatacağı ilə bağlı verdiyi proqnozlardır. Əlbəttə, bunu kifayət qədər optimist proqnoz hesab etmək olar. Nəzərə alsaq ki, hazırda Amerika ilə İran arasında diplomatik təmaslar demək olar ki, dayanıb və vasitəçilər vasitəsilə də hər hansı danışıqlar aparılmır.

İranla razılaşmanın əldə edilməsinə gəldikdə isə, bu, yaxın perspektiv üçün real görünmür. Söhbət qarşıdakı ay yarımlıq müddətdən, yəni Amerikada keçiriləcək seçkilərə qədər olan dövrdən gedir. Diqqət etsək, İran Donald Trampı seçkiqabağı daha çətin vəziyyətə salmağa çalışır. Həm Hörmüz boğazı ilə bağlı vəziyyət, həm də husilərin Yəməndəki müəyyən uğurları, eləcə də Bab əl-Məndəb boğazının bağlanması ilə bağlı strateji məntəqələrin və liman adalarının ələ keçirilməsi dünya enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Hazırda beynəlxalq bazarlarda neftin qiyməti bir barel üçün 100 dolların üzərindədir.

Bu da Tramp üçün arzuolunmaz perspektivdir. Çünki ABŞ-da benzinin qiyməti də əhəmiyyətli dərəcədə artaraq bir qallon üçün 2 dollardan 4 dollara qədər yüksəlib. Bu isə amerikalı seçicilərin ən həssas məsələlərindən biridir. Bu baxımdan, hesab edirəm ki, Donald Trampın sözügedən açıqlamaları daha çox daxili auditoriyaya yönəlmiş siyasi mesaj xarakteri daşıyır. Bu, eyni zamanda, daxili auditoriyanı sakitləşdirmək və seçkilərdə mümkün uğursuzluğun qarşısını almaq cəhdi kimi qiymətləndirilə bilər. Bir daha qeyd edirəm ki, yaxın bir neçə ay ərzində tərəflərin hansısa razılaşmaya gəlməsi real görünmür.

Nəzərə alsaq ki, İran məsələsində onun arxasında duran əsas güclərdən biri də Çindir və burada Pekinin təsiri açıq şəkildə hiss olunur, belə demək mümkündür ki, bu ilin sonuna qədər Amerika ilə İran arasında böyükmiqyaslı anlaşmanın əldə olunması real görünmür.

Çünki söhbət ABŞ-ın irəli sürdüyü və İran üçün məqbul hesab edilməyən tələblərdən gedir. Burada həm İranın nüvə proqramı, həm proksi qüvvələrə dəstəyin dayandırılması, eyni zamanda, Hörmüz boğazına nəzarət və İranın enerji resursları ilə bağlı məsələlər gündəmdədir. Bütün bunların İran tərəfindən qəbul edilməsi isə yaxın perspektivdə real görünmür.”

Politoloqun sözlərinə görə, Tramp çox istəyərdi ki, Venesuelada olduğu kimi, İran neftinin əhəmiyyətli hissəsinə nəzarət etsin və eyni zamanda Hörmüz boğazı, ümumilikdə isə Qırmızı dəniz və Bab əl-Məndəb boğazı üzərində nəzarəti də əldə saxlasın:

“Çünki gələcəkdə qlobal hegemonluğun əsas istiqamətlərindən biri enerji resurslarına, nadir torpaq elementlərinə, boğazlara, strateji keçidlərə və logistika-nəqliyyat dəhlizlərinə nəzarət etməkdir. Donald Trampın siyasətində də bu istiqamət açıq şəkildə görünür. Amma hazırda onun yaxın gələcək üçün həyata keçirdiyi siyasət konkret nəticələrə gətirib çıxarmır.”

//Gülnarə Abasova, Editor.az