Qənirə Paşayeva nazirə zəng etdi və… – Əli Vəliyev yazırbackend

Qənirə Paşayeva nazirə zəng etdi və… – Əli Vəliyev yazır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 2011-ci il idi. ATV kanalında Emin Musəvinin aparıcılığı ilə “22-ci saat” verilişi yayıma başlamışdı. Mən də həmin proqramda çalışırdım…

Bir gün növbəti çəkilişdə mövzu əlillərin cəmiyyətə reabilitasiyası idi. Verilişə xanım paraolimpiya çempionlarımızdan birini dəvət etmişdik (adını xatırlamıram). Rəsmi şəxslərdən isə qonaq millət vəkili Qənirə Paşayeva idi. Budur, qonaqlar ATV kanalının həyətinə daxil olurlar. Eyni anda həm paraolimpiya çempionu, həm də millət vəkili Qənirə Paşayeva telekanalın həyətinə daxil oldular. Onları qarşıladım və bu anda xanım paraolimpiya çempionumuz Qənirə Paşayevanı qucalayaraq ağlamağa başladı və ondan bir xahişi olduğunu bildirdi. Həmin vaxt nazirlərdən birinin (bu gün də mühüm şəxsdir) oğlu paraolimpiya çempionunun 3 otaqlı evini əlindən alaraq restoran etmiş və pulunu ödəməmişdir. Xatırlayıram ki, vəsait təxminən 140 min manat həcmində idi. Qənirə Paşayeva paraolimpiya çempionumuzu sakitləşdirərək məsələni həll edəcəyini bildirdi. Yuxarı mərtəbəyə qalxmaq üçün ATV-nin liftinə doğru hərəkət edərkən elə həmin an mənim yanımda nazirə telefon açdı. Nazirə salam verdikdən dərhal sonra belə bir ifadə işlətdi: “Hazırda ATV telekanalında verilişdə qonağam. İstəyirəm ki, sizin oğlunuzun paraolimpiya çempionunun evini əlindən alması haqqında verilişdə danışım”.

Liftdə o qədər sakitlik idi ki, hər şeyi eşidirdim. Nazir bir anlıq şok yaşadı: “Qənirə xanım, siz nə danışırsınız?”, – deyə sual ünvanladı.

Qənirə xanım məsələni nazirə danışdı və nazir sağollaşıb az sonra ona geri dönəcəyini bildirdi (telefon danışığından belə anlaşıldı). Elə 6-cı mərtəbəyə yenicə çatmışdıq ki, nazir yenidən Qənirə Paşayevaya zəng etdi: “Siz təxminən nə vaxt verilişdən çıxacaqsınız?” .

Qənirə Paşayeva: “Təxminən  bir saat sonra çıxacağıq”.

Nazir bildirdi ki, bir saat sonra sürücü ATV kanalının qarşısında gözləyəcək.

Veriliş bitir, biz ATV telekanalının həyətinə doğru aşağı düşürük. Mən də hadisələri izləyirəm. Qənirə xanım əlini paraolimpiya çempionunun boynuna salaraq ATV-nin çıxış qapısına doğru hərəkət edir. Nazirin sürücüsü ATV-nin çıxış qapısının yanında gözləyirdi. Qənirə xanımla biraz danışandan sonra “Viceroy” siqaretinin torbasında 140 min manat vəsaitlə paraolimpiya çempionuna yaxınlaşdı. Qənirə xanımın yanında onun şəxsiyyət vəsiqəsi ilə bir neçə şahidin (ATV-nin mühafizəçisi, mən və Qənirə xanım) iştirakı ilə 140 min manat paraolimpiya çempionuna təhvil verildi.

Bəli, Qənirə Paşayeva belə mərd, belə cəsarətli, xeyirxah, peşəsi ilə daşıdığı siyasi vəzifənin çəkisini bilən və onu lazım olan anda ustalıqla istifadə edən biri idi. Bəlkə də Qənirə xanım yüzlərlə belə xeyirxah əməllər sahibi olub. Mən söylədiyim də yüzlərlə əməldən biri idi. Bu gün Qənirə xanımın anım günüdür. Bəlkə də bu xeyirxah faktı açdığıma görə bu gecə yuxuma gələcək. Ancaq düşünürəm ki, həqiqətlər və onlardan doğan bu cür müsbət əməllər bildirilməlidir.

Jurnalist peşəsini minlərlə şəxsə sevdirən, əziz Qənirə xanım, Allah sizə rəhmət eləsin!