“Avropa İttifaqı (Aİ) Azərbaycanla münaqişə təzədən başlayacağı təqdirdə Ermənistana hərbi dəstək verə bilməyəcək. Səbəb Ukrayna böhranıdır”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu rusiyalı ekspert Yevgeni Semibratov bildirib.
“NATO qüvvələri hazırda Ukrayna əməliyyat teatrında yerləşdirilib. Onların İrəvanın hərbi qüdrətini artırdığını təsəvvür etmək çətindir. Əgər kiməsə güvənsəydik, bu, Aİ olardı, amma yadda saxlayaq: Ermənistanın məğlubiyyətində tarixi marağı olan Türkiyə hərbi potensial baxımından Alyansın ikinci ən böyük ölkəsidir. Bu kombinasiya mümkün deyil. Avropa İttifaqının (xüsusən də erməni diasporu ilə Fransanın) faktiki hərbi potensialı məhduddur. Aİ-nin Ermənistanın təhlükəsizliyi üçün 10.000-15.000 əsgər göndərməsi barədə danışmaq, yadplanetlilərin gəlişi ilə müqayisə edilə bilən bir xəyaldır”, – Semibratov qeyd edib.
Rusiyalı ekspertlər demək istəyirlər ki, keçmiş münaqişə yenidən alovlansa, Ermənistan güvəndiyi Avropa Birliyindən müvafiq kömək görməyəcək. Erməni cəmiyyətinə ötürülən bu siqnalın izahı İrəvanın Moskvaya yaxınlaşmasına əşhədü-ehtiyac olduğunu nəzərə çatdırmaqdır. Amma Paşinyan iqtidarı indiyədək KTMT-ni ittiham edir ki, 44 günlük müharibədə dəstək verməyib. Bu ittiham əsassız olsa da, İrəvan bəhanə kimi istifadə etməkdədir.
Semibratovun sözlərində həqiqət payı varmı? Yəni Aİ münaqişə şəraitində Ermənistana hansı şəkildə dəstək verə bilər?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Semibratovun təhlilində müəyyən həqiqət payı olsa da dediklərinin əsaslandırmasında bir çox reallıqları ya unudaraq dilə gətirməyib, ya qəsdən söyləməyib: “Avropa İttifaqı ölkələrinin başının Ukrayna müharibəsinə qarışdığı barədə fikir müəyyən mənada doğru sayıla bilər. Amma o da məlumdur ki, hətta Ukrayna müharibəsində belə, Avropa İttifaqı ölkələrinin hərbi qüvvələri iştirak etmir. Avropa İttifaqı hərbi ittifaq deyil, ayrıca hərbi qüvvələri yoxdur. Qarabağ müharibəsində nə Avropa İttifaqı ölkələrinin hərbi qüvvələri, nə də NATO qüvvələrinin iştirak etmədiyi də bəllidir. Semibratovun sözləri ilə desək, əgər Ermənistanla Azərbaycan arasında müharibə olsa yenə də Avropa İttifaqı və NATO həmin müharibədə iştirak edəsi deyil. Nə Ermənistan, nə də Azərbaycan Avropa İttifaqının və NATO-nun üzvü deyillər. Bu fakt da müharibə olarsa adıçəkilən beynəlxalq təşkilatların iki ölkədən hər hansı birinə hərbi dəstək verməsini istisna edir. Nəzəri olaraq ehtimal etmək olar ki, Avropa İttifaqı Ermənistana iqtisadi, maliyyə dəstəyi verə bilər. Hazırda isə Ermənistanla Azərbaycanın şərti sərhədlərində Avropa İttifaqının müşahidə missiyası mövcuddur. Müharibə olacağı halda bu cür missiyaların tərkibini Fransa kimi ölkələr genişləndirməyə çalışa bilərlər”.

