Rusiya Prezidenti Vladimir Putin hakimiyyət orqanlarını Ukraynada müharibənin başa çatmasından sonra cəbhədən qayıdacaq hərbçilərin yerləşdirilməsi və işlə təmin olunması məsələsinə əvvəlcədən hazırlaşmağa çağırıb.
Putin bu barədə avqustun 19-da Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında danışıb. O, müharibənin başa çatmasından sonra “döyüş təmas xəttindən” çox sayda hərbçinin Rusiyaya qayıdacağını bildirib.
“Çoxlu insan qayıdacaq, onları işlə təmin etmək lazımdır. Onlar müəyyən ambisiyalarla gələcəklər. Bu, əvvəlcədən hazırlaşmaq lazım olan ciddi işdir”, – Putin deyib.
Rusiya lideri hərbçilərin mülki həyata qayıdışı ilə bağlı məsələlərin indidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin hərbçilərin ailələrinə dəstəyin dövlətin əsas vəzifələrindən biri olaraq qaldığını bildirib.
Putin çıxışında müharibənin nə vaxt başa çatacağı ilə bağlı konkret tarix açıqlamayıb. Onun hərbçilərin qayıdışına hazırlıq barədə açıqlaması isə Kremlin müharibədən sonrakı dövr üçün sosial və əmək bazarı məsələlərini artıq gündəmə gətirdiyini göstərir.
//Samir Qurbanov, Editor.az

