Son günlər Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə ardıcıl təxribat, təhqir və təhdid xarakterli açıqlamalar müşahidə edilir.
Misal üçün, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısı”na daxil edilməsi təklif olunub.
9 avqust tarixində “YouTube” platformasında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təxribatçı fikirlər yer alıb.
13 avqust tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqımıza və ölkə rəhbərliyinə qarşı ifadələr səsləndirilib.
13 avqust tarixində Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar edilib.
16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu material yayımlanıb.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Əslində, Rusya media məkanında ilk dəfə deyil ki, bənzər proqramlara, çıxışlara, təhqir və təhdidlərə şahidlik edirik. Yəni baş verənlər aydın məsələdir ki, təsadüfi deyil. Bunu “jurnalistlərin özbaşınalığı” kimi görmək isə ümumiyyətlə sadəlövhlük olardı.
Rusiyada televiziya və media sistemi elə qurulub ki, dövlət üçün siyasi baxımdan həssas mövzularda hansı ritorikanın nə qədər irəli gedə biləcəyini həmin mühitdəki hər kəs yaxşı bilir. Əgər bir verilişdə Azərbaycan rəhbərliyinin “terrorçu” elan olunması təklif edilir, digərində fiziki zorakılıqdan danışılır, başqa bir efirdə isə Azərbaycanın Konstitusiya quruluşunun dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması müzakirəyə çıxarılırsa, bu, təkcə təhqir yox, həm də siyasi mesajdır.
Ümumiyyətlə, təhqirlə siyasi mesaj arasında fərq var. Təhqir maksimum bir dəfə səslənir və itir. Biz isə açıq şəkildə sistemli təkrarlanan təhdidin şahidi oluruq. Təcrübə göstərir ki, bu, həm də qarşı tərəfin reaksiyasını ölçməkdir.
Mənzərə sadə dildə desək, belədir: Əvvəlcə hansısa ekspert və ya aparıcı həddi keçir, sonra həmin ritorikanın reaksiyası izlənilir. Azərbaycan sərt cavab verməsə, növbəti efirdə daha irəli gedilir. Bakı etiraz edəndə isə “bu, dövlətin mövqeyi deyil, jurnalistin fikridir” arqumenti ortaya çıxır. Bu, siyasi məsuliyyətdən yayınmağın ən rahat formasıdır.
Rusiyada media üzərində dövlət nəzarətinin səviyyəsini hamı bilir. Rusiya tərəfi istəsə, çox rahat şəkildə bu çıxışları dayandırar. Əsas sual belədir: “Moskva bunları dayandırmaq istəyirmi?”.
Əslində, burada Rusiyanın qarşısında çox sadə seçim dayanır. Ya bu ritorikanın qarşısını alacaq və bununla da Azərbaycanla münasibətlərdə dövlət səviyyəsində məsuliyyət nümayiş etdirəcək, ya da həmin çıxışların davam etməsinə şərait yaradacaq. İkinci halda Bakının bu ritorikanı artıq ayrı-ayrı şəxslərin fikri kimi deyil, Rusiyanın informasiya mühitində formalaşan siyasi təzyiq aləti kimi qəbul etməsi tamamilə haqlı olacaq.
Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bakı öz xarici siyasətini başqa dövlətlərin regional maraqlarına uyğunlaşdırmaq məcburiyyətində olan ölkə də deyil. Azərbaycan həm hərbi, həm iqtisadi, həm də geosiyasi baxımdan əvvəlki illərlə müqayisə olunmayacaq qədər fərqli mövqedədir.
Rusiya ipli kuklalarının ağzı ilə danışmağa davam edərsə, bu, Bakının daha ciddi addımlar atmasına gətirib çıxara bilər. Azərbaycanla münasibətləri qoruması Rusiyaya daha çox fayda verər, nəinki pozması.
Globalinfo.az

