Erməni mediasında Qarabağdakı qanunsuz separatçı rejimin “xarici işlər naziri” olmuş David Babayana aid olduğu deyilən səs yazısı yayılıb. Bildirilir ki, audioyazı David Babayanın ailəsi vasitəsilə “Novosti Armeniya” və news.am-a ötürülüb.
Audioyazıdan o da məlum olur ki, Babayan hazır mətni oxuyur.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Babayana ömürlük azadlıqdan məhrum etmə cəzası verilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Musavat.com bildirir ki, 11 dəqiqə 49 saniyəlik audio-müraciət ilk baxışdan hüquqi şikayət təsiri bağışlasa da, mətnin rus variantı ilə tanış olduqda məqsədin “siyasi-informasiya müdafiə xəttinin” davamı olduğu görünür.
Babayan Bakıdakı məhkəmə prosesini “teatr”, hökmü isə əvvəlcədən yazılmış ssenari adlandırır. Lakin onun bu iddialarını yalan olduğunu dərhal üzə çıxır. Bu iddianın yalan olduğunu məhkəmənin açıq iclasları, müdafiə tərəfinin çıxışları, vəsatətləri, apelyasiya mərhələsi və məhkəmə sənədləri sübut edir.
Şübhə yoxdur ki, Babayanın yalanlara dolu çıxışında əsas məqsədinin məhkəmə qərarının “beynəlxalq müstəviyə necə çıxarmağa” hesablanıb.
Babayanın əsas “tezisi” budur ki, apelyasiya mərhələsi formal olub. Ancaq açıq mənbələrdə yayılmış gedişi bunun yalan olduğunu göstərir. Çünki apelyasiya iclaslarında bütün təqsirləndirilənlərin müdafiə tərəfinə çıxış verilib, vəsatətlər müzakirə olunub, məhbusların vəkilləri ilə məxfi görüşlərinə imkan yaradılıb, bəzi müdafiə vəsatətləri iş materiallarına əlavə edilib. Məsələn, məhkəmə müdafiənin iclas protokoluna dair yazılı qeydlərinin iş materiallarına əlavə edilməsinə qərar verib; eyni zamanda konkret olaraq Babayanın yeni təyin olunmuş vəkillə görüşmək tələbi də prosesdə qeydə alınıb.
Yəni “müdafiəyə imkan verilmədi” tipli iddia prosesin açıq materialları ilə uzlaşmır. Müdafiənin hökmü dəyişdirmək və bəraət tələb etmək hüququndan istifadə etdiyi də sənədləşdirilib- Babayanın vəkili apelyasiya instansiyasında hökmün ləğvini və onun bəraət almasını istəyib. Daha Babayana nə lazımdır ki?
Üstəlik, apelyasiya mərhələsinin özü də tez-tələsik deyil, bütün hüquqi prosedurlara əməl edilərək keçirilib. Müdafiəçilər çıxış edib, təqsirləndirilən şəxslər mövqelərini səsləndirib, prokurorluq isə birinci instansiyada araşdırılmış sübutların şahid və zərərçəkmiş ifadələri, ekspert rəyləri, maddi sübutlar, sənədlər və digər materiallarla təsdiqləndiyini bildirib.
Babayanın yalanlarından biri də “ittihamların 95 faizdən çoxunun saxtalaşdırıldığı” barədədir. Burada ən sadə sual ortaya çıxır: 95 faiz necə hesablanıb? Hansı ittihamlar, hansı sübutlar və hansı ekspertiza əsasında bu nəticəyə gəlinib?Baş Prokurorluğun açıqlamasına görə, cinayət işi 2548 epizodu əhatə edib və ittihamlar arasında təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, deportasiya, işgəncə, qanunsuz azadlıqdan məhrum etmə, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması kimi maddələr yer alıb.
Bir daha vurğulayaq ki, Babayanın bütün bu iddiaları beynəlxalq məhkəməyə guya günahsız olduğuna dair “ hüquqi yem” verməyə hesablanıb. Lakin Babayan(lar) unudurlar ki, beynəlxalq instansiyaya müraciət etməklə Azərbaycan məhkəmələrinin hökmünə təsir edə bilməyəcəklər.
Babayanın “biz oturmuşuq, amma diz çökməmişik” mesajı çoxsaylı cinayətlər törətmiş məhbusdan daha çox “müqavimət göstərən siyasi fiqur” obrazı yaratmağa hesablanıb.
Əlbəttə, Babayanın özünü müdafiə etməsi onun hüququdur. İttihamları qəbul etməməsi də hüquqi prosesin normal hissəsidir. Amma “mən günahsızam” bəyanatı ilə “məhkəmə heç bir sübut araşdırmayıb” iddiası eyni şey deyil.
Apelyasiya mərhələsinin protokolları da göstərir ki, müdafiə tərəfinin mövqeyi hərtərəfli dinlənilib və vəsatətləri araşdırılıb. Bu faktlar Babayanın “heç kim bizi dinləmədi” yalanın bir daha sübut edir. Faktlar göstərir ki, müdafiə tərəfi apelyasiya mərhələsində iştirak edib, vəkillər çıxış edib, vəsatətlər təqdim olunub, məhkəmə onları müzakirə edib, prokurorluq isə konkret sübut kateqoriyalarına istinad edib.
Babayanın bu müraciəti yalançının “evinin ikinci dəfə yanması”na bənzəyir. İlk məhkəmə prosesində də o, bənzər müraciət etmişdi. İndi o apelyasiya mərhələsindən sonra özünü “ikinci dəfə yandırdı…”
Musavat.com

