“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandadan ayrılmasına münasibət bildirib.
Təcrübəli mütəxəssis qeyd edib ki, Nəriman kimi futbolçunun gedişi onun üçün asan qərar olmayıb.
Qurbanovun sözlərinə görə, futbolçunun legioner həyatı yaşamaq istəyi bu addımda həlledici rol oynayıb: “Nərimanın komandadan ayrılması xoş deyil. Amma müəyyən səbəblərə görə xaricdə oynamaq istəyirdi. Düşünürəm ki, bu addım onun üçün vacib idi. Son dövrlər özündə deyildi, hər gün fərqli fikirlər içində idi. Hər gün nəsə oxuyub, nəsə eşidib gəlirdi. Getməli idi ki, özünü tapsın”.
Baş məşqçi vurğulayıb ki, sıx oyun qrafikində Nəriman kimi futbolçular komandaya lazım olsa da, vəziyyəti nəzərə alaraq bu qərar qəbul edilib: “Bəli, mənə lazım idi. Amma edəcəyimiz bir şey yox idi. Əsas odur ki, bu keçid onun üçün uğurlu olsun”.
Qurban Qurbanov əlavə edib ki, Axundzadə son iki ildə böyük əziyyət çəkib və onun gələcəkdə daha güclü futbolçu kimi geri dönəcəyinə inanır: “İnanıram ki, daha yaxşı Nəriman görəcəyik”.
“AzPolitika.info”

