ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellektdən istifadəni genişləndirmək səyləri çərçivəsində Scale AI şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.
Editor.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, razılaşma Scale AI şirkətinin böyük həcmli məlumatları təhlil etməsini və hərbi qərarvermə proseslərinin dəstəklənməsini nəzərdə tutur.
Scale AI-ın dövlət sektoru üzrə bölmə rəhbəri Dan Tadross məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu müqavilə Pentaqonun süni intellekti mənimsəmə istiqamətində qətiyyətinin konkret sübutudur”.
San-Fransiskoda yerləşən Scale AI şirkətinin artıq Prezident Donald Trampın “Golden Dome” adlı milli raketdən müdafiə sistemi və Pentaqonun süni intellektin hərbi strategiya və əməliyyatlara inteqrasiyasını hədəfləyən “Thunderforge” təşəbbüsündə də iştirak etdiyi qeyd olunur.
Digər tərəfdən, may ayının əvvəlində Pentaqonun hərbi sahədə qabaqcıl süni intellekt texnologiyalarının istifadəsini genişləndirmək məqsədilə Nvidia, Microsoft, Reflection AI və Amazon Web Services (AWS) kimi texnologiya və süni intellekt şirkətləri ilə də müqavilələr imzaladığı bildirilir.
//Gülnarə Abasova, Editor.az

