Polşa hökuməti ilə SpaceX şirkəti arasında Starlink xidməti ilə bağlı yaranan mübahisə Ukraynaya da təsir göstərə bilər.
Varşava İlon Maskın şirkəti ilə bağlı narazılıqlar həll olunmasa, Ukraynada istifadə olunan Starlink terminallarının maliyyələşdirilməsini yenidən nəzərdən keçirə biləcəyinə işarə edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava Starlink xidmətinə görə illik təxminən 50 milyon dollar ödəyir və bu vəsait Ukraynaya təqdim edilən terminalların xidmət haqqının qarşılanmasına yönəldilir.
Polşa 2022-ci ildən etibarən Ukrayna üçün minlərlə Starlink terminalının maliyyələşdirilməsində əsas tərəfdaşlardan biridir.
Mübahisənin səbəbi SpaceX-in Polşanı Starlink-in Avropa rouminq zonasından çıxarmasıdır. Şirkətin bu qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama vermədiyi bildirilir. Yeni qaydaların avqustun 17-dən qüvvəyə minməsi gözlənilir.
Sikorski İlon Maska müraciət edərək Polşa istifadəçilərinə münasibətin dəyişdirilməsini tələb edib və əks halda Varşavanın Ukrayna üçün Starlink ödənişlərini yenidən nəzərdən keçirə biləcəyini bildirib.
Bununla belə, hazırkı məlumatlara görə, söhbət Ukraynanın Starlink xidmətindən dərhal tamamilə məhrum edilməsindən getmir. Xüsusilə Polşa hökumətinin birbaşa satın alaraq Ukraynaya təhvil verdiyi terminalların yeni rouminq məhdudiyyətlərindən təsirlənməyəcəyi bildirilir.
//Samir Qurbanov, Editor.az

