Prezidentin səfirlikdən geri çağırdığı Anar Məhərrəmov KİMDİR? – DOSYEbackend

Prezidentin səfirlikdən geri çağırdığı Anar Məhərrəmov KİMDİR? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Musavat.com diplomatın dosyesini təqdim edir:

Anar Məhərrəmov 1978-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, magistr pillələrinin məzunudur. Daha sonra Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinin magistr pilləsini bitirib. BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasında professor kimi fəaliyyət göstərib.

1999-cu ildə Fransanın Nitsa Sofiya-Antipolis Universitetində fransız dili üzrə kursları bitirib.
2002-ci ildə Avstriyanın Vyana Diplomatik Akademiyasında beynəlxalq hüquq və münasibətlər üzrə kurslarını bitirib.

2003-cü ildə İtaliyanın San-Remo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil edilmiş kurslardan məzun olub.

Diplomatik fəaliyyətə Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. Beynəlxalq Hüquq və Müqavilələr İdarəsində referent, attaşe, üçüncü katib, ikinci katib olub.

2006-2010-cu illərdə Azərbaycanın İspaniya Krallığında Səfirliyində ikinci katib, birinci katib, müşavir olub. 2010-2013-cü illərdə Azərbaycan XİN-də Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi rəisinin müavini; 2013-2016-cı illərdə İkinci Avropa İdarəsinin rəisi olub.

2016-cı ildən 2021-ci ilədək Azərbaycanın İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri işləyib. Bu dövrdə həmçinin, Azərbaycanın Ümumdünya Turizm Təşkilatı yanında (mənzil-qərargahı Madrid şəhərində yerləşir) daimi nümayəndəsi olub. 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.