ABŞ-ın TRIPP gedişi Zəngəzur dəhlizini sürətləndirə bilər? – Politoloqdan ŞƏRHbackend

ABŞ-ın TRIPP gedişi Zəngəzur dəhlizini sürətləndirə bilər? – Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ilə Ermənistan arasında imzalanmış “Tramp Marşrutu” (TRIPP) üzrə strateji əməkdaşlıq sazişinin Ermənistan Konstitusiya Məhkəməsində araşdırılmağa başlanması regionda nəqliyyat-kommunikasiya layihələri ətrafında yeni müzakirələr yaradıb. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə irəliləyən Zəngəzur dəhlizi və regional bağlantıların açılması prosesi fonunda bu hüquqi mərhələnin Bakı-İrəvan münasibətlərinə, eləcə də regionun geosiyasi və iqtisadi gələcəyinə mümkün təsirləri diqqət mərkəzindədir. Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Editor.az-ın suallarını cavablandırıb.

Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsində TRIPP üzrə strateji əməkdaşlıq sazişinin araşdırılması, ilk növbədə, layihənin hüquqi bazasının Ermənistanın daxili qanunvericiliyinə uyğunlaşdırılması və sonrakı icra mərhələsinə hazırlanması baxımından əhəmiyyətlidir:

“Azərbaycan üçün əsas məsələ layihənin hansı ad altında təqdim edilməsindən daha çox onun mahiyyətidir: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və etibarlı nəqliyyat bağlantısının yaradılması. ABŞ-ın prosesdə iştirak etməsi layihəyə əlavə beynəlxalq siyasi təminat və investisiya perspektivi qazandıra, eyni zamanda İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasını daha ciddi gündəmə gətirə bilər. Bu mənada TRIPP Zəngəzur üzərindən kommunikasiyaların açılması ideyasının alternativi deyil, onun həyata keçirilməsinin yeni siyasi və iqtisadi mexanizmlərindən biri kimi qiymətləndirilə bilər.

Bakı üçün strateji nəticə Naxçıvanla dayanıqlı quru əlaqəsinin təmin edilməsi ilə yanaşı, Azərbaycanın Orta Dəhlizdəki tranzit rolunun daha da güclənməsidir. Ermənistan tərəfinin hüquqi prosedurları uğurla tamamlaması Bakı–İrəvan münasibətlərində etimadın möhkəmlənməsinə və sülh gündəliyinin iqtisadi əməkdaşlıqla dəstəklənməsinə şərait yarada bilər; əksinə, prosesin daxili siyasi və hüquqi maneələrlə uzadılması kommunikasiyaların açılması ilə bağlı qeyri-müəyyənliyi artıracaq. Burada Azərbaycanın prinsipial mövqeyi dəyişmir: marşrut ölkənin suveren hüquqlarına, təhlükəsizlik maraqlarına və maneəsiz keçid tələbinə uyğun işləməlidir. Nəticə etibarilə, TRIPP-in real icrası Azərbaycan–Ermənistan normallaşmasını yalnız siyasi sənədlər müstəvisindən çıxarıb konkret iqtisadi qarşılıqlı asılılıq və regional inteqrasiya mərhələsinə keçirə biləcək mühüm amillərdən biridir”.

//Gülnarə Abasova, Editor.az