Azərbaycan və Ermənistan arasında sülh prosesinin hüquqi müstəviyə keçməsi üçün təkcə siyasi bəyanatlar deyil, həm də qarşılıqlı etimadı möhkəmləndirən konkret addımlar vacib hesab olunur. Rəsmi Bakı davamlı sülhün təmin edilməsi üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasını əsas şərtlərdən biri kimi irəli sürür. Bununla yanaşı, İrəvanda revanşist ritorikanın davam etməsi və konstitusiya dəyişikliklərinin gecikməsi sülh gündəliyinin perspektivləri ilə bağlı müzakirələri aktuallaşdırır. Mövzunu Editor.az-a açıqlamasında politoloq Cavanşir Abbaslı şərh edib.

Politoloq Cavanşir Abbaslı bildirib ki, Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sənədinin üzərindən bir il keçməsinə baxmayaraq, yekun sülh sazişinin hələ də imzalanmaması ciddi suallar doğurur.
“Həmin sənəd paraflanarkən yaxın müddətdə yekun sülh sazişinin də imzalanacağı ilə bağlı kifayət qədər nikbin proqnozlar səsləndirilirdi. O dövrdə əsas arqument ondan ibarət idi ki, proses Ermənistanda keçiriləcək parlament seçkiləri səbəbindən müəyyən qədər ləngiyə bilər. Biz də qeyd edirdik ki, seçkilər başa çatdıqdan sonra sülh istiqamətində daha real addımların atılması gözlənilir. İyunun 7-də parlament seçkiləri keçirildi və Ermənistanın siyasi gələcəyi ilə bağlı əsas qeyri-müəyyənlik aradan qalxdı. Nikol Paşinyanın hakimiyyətdə qalacağı da öz təsdiqini tapdı.
Lakin seçkilərin keçirilməsindən artıq iki ay keçməsinə baxmayaraq, sülh sazişi istiqamətində hələ də ciddi irəliləyiş müşahidə olunmur. Bu da təbii olaraq müxtəlif suallar yaradır. Bununla belə, hesab edirəm ki, son aylarda Paşinyan və komandasının verdiyi bəzi mesajlar müəyyən nikbinlik yaradır. Görünən odur ki, hökumətin tam formalaşması və daxili siyasi vəziyyətin sabitləşməsindən sonra bu istiqamətdə daha konkret addımların atılması mümkündür”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi dəyişməz olaraq qalır.
“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu baxımdan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və referendumun keçirilməsi əsas şərtlərdən biri olaraq qalır. Mənim ehtimalıma görə, ilin sonuna qədər Ermənistanda konstitusiya referendumu keçirilə bilər. Əgər həmin referendumun nəticəsində ərazi iddiaları Konstitusiyadan çıxarılsa, tərəflərin sülh sazişinin imzalanması üçün danışıqlar masasına əyləşməsi və prosesin yekun mərhələyə keçməsi daha real görünəcək”.
//Gülnarə Abasova, Editor.az

