Qırmızı bülletenlə axtarılan Hollandiya vətəndaşı Türkiyədə tutuldubackend

Qırmızı bülletenlə axtarılan Hollandiya vətəndaşı Türkiyədə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya tərəfindən “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” ittihamı ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verilən Hollandiya vətəndaşı W.A.L. Türkiyədə keçirilən əməliyyat nəticəsində saxlanılıb və ölkəsinə ekstradisiya olunub.

Editor.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şübhəlinin İstanbulda gizləndiyini müəyyən ediblər.

Mayın 16-da İstanbulun Pendik rayonunda keçirilən əməliyyat zamanı saxlanılan W.A.L. məhkəmə qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

İstintaq materiallarında qeyd olunur ki, W.A.L. beynəlxalq cinayət təşkilatının rəhbəri olduğu bildirilən qardaşı J.L. ilə birlikdə kokain ticarəti ilə məşğul olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, narkotik vasitələrin satışından əldə edilən milyonlarla vəsait müxtəlif aktivlərə yönləndirilib və onların leqallaşdırılması istiqamətində fəaliyyət göstərilib.

Məlumata əsasən, şübhəli barəsində Türkiyədə də “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddəsi ilə axtarış qərarı mövcud olub.

Ekstradisiya prosedurları tamamlandıqdan sonra W.A.L. ciddi təhlükəsizlik tədbirləri altında Atatürk Hava Limanına aparılıb və Hollandiya hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilmək üçün ölkəsinə göndərilib.

Beləliklə, beynəlxalq səviyyədə axtarılan daha bir şəxs Türkiyədə saxlanılaraq məhkəmə qarşısına çıxarılması üçün ölkəsinə təhvil verilib.

//Samir Qurbanov, Editor.az