SEPAH-dan Vaşinqtona sərt xəbərdarlıq: “Əsl cəhənnəm gözləyir”backend

SEPAH-dan Vaşinqtona sərt xəbərdarlıq: “Əsl cəhənnəm gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Vaşinqtonun hərbi əməliyyatından sonra ABŞ Silahlı Qüvvələrinin Küveyt və Bəhreyndəki mühüm infrastruktur obyektlərinə cavab zərbələri endirib.

Oxu.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

“SEPAH bu gün həyata keçirilən birgə raket və pilotsuz uçuş aparatı əməliyyatı zamanı ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbçilərinin Küveytdəki “Əli əs-Saləm” bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanma bazasında yerləşən səkkiz mühüm infrastruktur obyektini məhv edib”, – deyə bəyanatda bildirilib.

SEPAH ABŞ-yə xəbərdarlıq edib ki, yaxın vaxtlarda onun regiondakı bazalarını əsl cəhənnəm gözləyir.

“ABŞ tərəfindən Sirikin nizamsız şəkildə atəşə tutulması elit qüvvələrimizin Hörmüz boğazı üzərindəki nəzarəti məsələsini həll etmir. Regiondakı Amerika bazaları isə tamam başqa məsələdir. Yaxın günlərdə onları əsl cəhənnəm gözləyir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri İran ərazisinə hücum edib. Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd edilir ki, bu addım İranın Hörmüz boğazında “kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə” cavab tədbiri olub.

ABŞ-nin hərbi aviasiyası İranın hərbi müşahidə infrastrukturu obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, dronların saxlanma yerlərinə və dəniz minalarının düzülməsi vasitələrinə zərbələr endirib.