Bakıda sürücülərin diqqətinə çatdırılıb. Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun müəyyən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılacaq.
Editor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata əsasən, yolun kanalın yaxınlığından keçən hissəsində təmir işləri aparılacaq. Bununla əlaqədar noyabrın 3-də səhər saat 07:00-dan gecə 23:00-dək həmin ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Sürücülərə yolda vaxt itirməmək və alternativ marşrutdan istifadə etmək tövsiyə olunur. Belə ki, Hövsan-Türkan istiqamətində hərəkət edən nəqliyyat vasitələri alternativ olaraq Zığ şossesindən (Beton yol) istifadə edə bilərlər.
Sürücülərin səfərlərini əvvəlcədən planlaşdırmaları və qeyd olunan məhdudiyyəti nəzərə almaları xahiş olunur.

