Uşaqları və böyükləri qorumaq üçün sosial şəbəkələrə sərt məhdudiyyət təklif edildibackend

Uşaqları və böyükləri qorumaq üçün sosial şəbəkələrə sərt məhdudiyyət təklif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda sosial şəbəkələrdən istifadə qaydalarının sərtləşdirilməsi təklif olunur. Yeni qanun layihəsi qəbul edilərsə, istifadəçiləri saatlarla ekran qarşısında saxlayan sonsuz lent, videoların avtomatik oynadılması və manipulyativ alqoritmlər qadağan edilə bilər.

Editor.az xəbər verir ki, Niderland parlamentinin müxalifətdə olan mərkəz-sol PRO partiyasının deputatı Barbara Kathmann noyabrın 2-də bununla bağlı qanun təklifi təqdim edib.

Deputatın sözlərinə görə, təşəbbüs həm uşaqları, həm də böyükləri sosial şəbəkələrin asılılıq yaradan təsirlərindən qorumağa yönəlib.

Təklifə əsasən, sosial media platformaları istifadəçilərin diqqətini mümkün qədər uzun müddət özündə saxlamaq üçün nəzərdə tutulan manipulyativ funksiyalardan imtina etməlidir. Bunlara sonsuz sürüşdürmə, avtomatik video nümayişi və davamlı bildirişlər daxildir.

Kathmann hesab edir ki, insanlar öz vaxtlarına və diqqətlərinə nəzarəti geri qaytarmalıdırlar. Onun fikrincə, rəqəmsal platformaların tətbiq etdiyi bu üsullar psixi və fiziki sağlamlığa, beyin inkişafına və diqqət müddətinə mənfi təsir göstərə bilər.

Deputat Almaniya, Fransa, Belçika, Lüksemburq, Avstriya, İtaliya və Portuqaliyadan olan parlamentarilərlə də bu istiqamətdə əməkdaşlıq edir.

Sosial şəbəkələr yeni qaydalarla üzləşə bilər

Qanun layihəsində rəqəmsal platformalar üçün xüsusi məsuliyyət mexanizminin yaradılması nəzərdə tutulur. Şirkətlər xidmətlərinin asılılıq yaratmadığını sübut etməli, istifadəçiləri manipulyasiya etməyən dizayn prinsiplərinə əməl etməlidirlər.

PRO partiyasının digər nümayəndəsi Kim van Sparrentak da təşəbbüsü dəstəkləyib. O bildirib ki, istifadəçilərdən yalnız özünənəzarət tələb etmək kifayət deyil, çünki böyük texnologiya şirkətləri insanları platformada saxlamaq üçün xüsusi mexanizmlərdən istifadə edirlər.

Məlumata görə, Avropa Komissiyası da Rəqəmsal Ədalət Aktı çərçivəsində bu istiqamətdə yeni təklif hazırlayır. Avropa İttifaqında uşaqların internetdə qorunmasını gücləndirmək və təhlükəsiz rəqəmsal mühit yaratmaq üçün əlavə qanunvericilik təşəbbüsləri də gündəmdədir.

Beləliklə, Niderland bu təklifi qəbul edərsə, sosial şəbəkələrin istifadəçiləri platformada saxlamaq üçün tətbiq etdiyi bəzi məşhur funksiyalara məhdudiyyət qoyan ilk ölkələrdən biri ola bilər.

\\ Aydan Bünyatova, Editor.az