Netanyahu Trampı İrana atom bombası atmağa sövq edir: 7 noyabrda… – Taker Karlsondan SENSASİON İDDİAbackend

Netanyahu Trampı İrana atom bombası atmağa sövq edir: 7 noyabrda… – Taker Karlsondan SENSASİON İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin tanınmış siyasi şərhçisi Taker Karlson sensasion iddia səsləndirib: İsrailin Baş naziri Benyamin Netanyahu prezident Donald Trampı İrana nüvə zərbəsi endirməyə razı salmağa çalışır. Jurnalistin sözlərinə görə, qərar noyabrın 7-dək verilə bilər.

Karlsonun açıqlamasında mümkün hücumun hədəfi də göstərilir: İranın Natanz nüvə kompleksinin yaxınlığındakı “Pickaxe Mountain” adlı yeraltı obyekt.

d0e9gQDAU5mwYx1sXxra4LgS2Uo6LLhZJPgDZYUY_1200.jpg (64 KB)

İddiaya görə, İran burada uranın zənginləşdirilməsini bərpa edib. Obyekt 90 metr qalınlığında qranit süxurların altında yerləşdiyindən adi bombalarla məhv edilməsi çətindir. Netanyahu da məhz bu arqumentlə Trampı nüvə silahından istifadəyə inandırmağa çalışır.

Lakin nə İranın həmin obyektdə nüvə fəaliyyətini bərpa etməsi, nə də Vaşinqtonun atom bombası tətbiq etməyə hazırlaşması müstəqil təsdiqlənib.

SOaf5fJoCAQZh1PYfm2wXKn8zR2A8AUBiqwrv00I_1200.jpg (43 KB)

Netanyahunun əsas məqsədi nədir?

Karlson hesab edir ki, məsələnin arxasında təkcə İranın nüvə proqramı deyil, Netanyahunun siyasi gələcəyi dayanır.

Jurnalistin iddiasına görə, İsraildə oktyabrın 27-də keçirilmiş parlament seçkilərindən sonra Netanyahu hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib. Hökumət qurmaq üçün lazım olan 61 deputatın dəstəyini toplamaq çətinləşib.

Hakimiyyətdən getməsi isə onun barəsindəki məhkəmə proseslərini daha təhlükəli mərhələyə keçirə bilər.

Karlsonun sözlərinə görə, Netanyahu Trampın dəstəyi ilə həm siyasi mövqeyini möhkəmləndirmək, həm də İranla müharibəni davam etdirmək istəyir. Jurnalist İsrail baş nazirinin bu məqsədlə Trampa hər gün zəng etdiyini də iddia edir.

Vaşinqtonda parçalanma

Karlson bildirir ki, ABŞ administrasiyası İran məsələsində iki düşərgəyə bölünüb.

Müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, MKİ direktoru Con Retkliff və Mərkəzi Komandanlığın rəhbəri Bred Kuperin sərt hərbi xətti dəstəklədiyi iddia olunur.

Vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoff isə diplomatik razılaşmaya üstünlük verirlər.

Trampın hələ qərar vermədiyi bildirilir.

Ərəb ölkələri də narahatdır

Karlsonun başqa bir iddiasına görə, Netanyahu sentyabrın 27-də gizli şəkildə Əbu-Dabiyə gedərək Birləşmiş Ərəb Əmirliklərindən İrana qarşı hücuma dəstək istəyib. Lakin rədd cavabı alıb. Bu məlumat da təsdiqlənməyib.

JyDdiab2p4cojAlHA2yuksb8VnuOG1iYDzrvN2Am_1200.jpg (109 KB)

Körfəz ölkələrinin narahatlığı anlaşılandır: Hörmüz boğazında gəmiçiliyin pozulması, enerji böhranı və müharibənin genişlənməsi region iqtisadiyyatını sarsıdır.

Nüvə zərbəsi isə daha ağır nəticələr doğura bilər. Radioaktiv çirklənmə, su mənbələrinin təhlükəyə düşməsi və kütləvi humanitar böhran ehtimalı var.

Karlson xəbərdarlıq edir ki, ABŞ-nin nüvə silahından istifadəsi digər nüvə dövlətlərini də oxşar addımlara həvəsləndirə, dünyanı nəzarətdən çıxan eskalasiyaya sürükləyə bilər.

Həlledici tarix – 7 noyabr?

Karlsonun iddiasına görə, Tramp noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra, noyabrın 7-dək qərar verə bilər.

“Axios”un məlumatına əsasən, Netanyahu seçkilərdən dərhal sonra İrana qarşı hücumların bərpasını istəyir. Tramp isə diplomatiyaya əlavə vaxt verməyə meyllidir.

ABŞ prezidenti noyabrın 1-də İranın hələ vurula biləcək nüvə obyektlərinin qaldığını söyləyib. Lakin atom bombasından istifadə barədə qərar açıqlamayıb. Əksinə, oktyabrın 16-da nüvə silahından istifadə etməyəcəyini bildirib.

Azərbaycan üçün də bu ssenari son dərəcə təhlükəlidir. Cənub qonşumuza nüvə zərbəsi ekoloji fəlakət, qaçqın axını və ciddi təhlükəsizlik problemləri yarada bilər.

Beləliklə, Karlsonun ortaya atdığı əsas sual budur: Netanyahu öz hakimiyyətini qorumaq naminə Trampı nüvə müharibəsinə sürükləyirmi?

Hələlik bu, təsdiqlənməmiş iddiadır. Ancaq İran ətrafında hərbi gərginliyin artması və Vaşinqtondakı fikir ayrılıqları vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.

Musavat.com