Gənclərin gələcək qorxusunun arxasında nə dayanır? – Psixoloqdan mühüm açıqlamabackend

Gənclərin gələcək qorxusunun arxasında nə dayanır? – Psixoloqdan mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə gənclər arasında gələcəklə bağlı narahatlıq və qeyri-müəyyənlik hissi getdikcə daha çox müzakirə olunur. İş tapmaq, maddi müstəqillik əldə etmək, ailə qurmaq və cəmiyyətdə öz yerini müəyyənləşdirmək gənclərin əsas qayğıları sırasındadır. Sosial şəbəkələrdə başqalarının uğurlarını görmək də bəzən onlarda özünü geridə qalmış hiss etməyə səbəb olur. Valideynlərin gözləntiləri və cəmiyyətin yaratdığı təzyiq bu narahatlığı daha da artıra bilər. Nəticədə bəzi gənclər qərar verməkdə çətinlik çəkir, uğursuzluqdan qorxur və gələcəklə bağlı plan qurmaqdan belə çəkinirlər. Bu vəziyyət onların psixoloji sağlamlığına və şəxsi inkişafına təsir göstərə bilər.

Gənclərdə gələcək qorxusunun yaranmasının əsas psixoloji səbəbləri nələrdir və onlar bu narahatlıqdan xilas olmaq üçün nə etməlidirlər?

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova Editor.az-a açıqlamasında bildirib ki, gənclər arasında bu halın geniş yayılması problemin yalnız psixoloji səbəblərlə deyil, həm də maarifləndirmənin yetərsizliyi ilə əlaqəli olduğunu göstərir:

“Gənclərin əksəriyyətində bu cür inamsızlığın, qeyri-müəyyənliyin və özünə inamsızlığın olması ciddi məsələdir. Hər kəs ayrı bir fərd və şəxsiyyətdir. Əgər bu hal çoxluqda müşahidə olunur və günümüzün aktual mövzusuna çevrilirsə, ilk növbədə səbəbi gəncləri düzgün istiqamətləndirməyən yetkinlərdə axtarmalıyıq. Çünki hər bir şəxsin gözləntiləri onun şəxsi imkanlarına və qabiliyyətlərinə uyğun olmalıdır. Özünə inamsızlıq və gələcəyə qeyri-müəyyən baxış da bu uyğunsuzluqdan qaynaqlana bilər.

Məsələn, yeniyetməlik dövründə böyüklər uşağın əvəzinə onun peşəsini seçməməlidirlər. Əlavə edim ki, bütün məsuliyyəti yeniyetmənin üzərinə qoymaq da, əlbəttə, doğru deyil. Valideyn övladını uşaqlıqdan müşahidə etməlidir: nəyə marağı var, hansı sahəyə daha çox meyil edir, bacarıqları və intellektual imkanları seçmək istədiyi peşəyə nə dərəcədə uyğundur? Bunları özü müəyyənləşdirməkdə çətinlik çəkirsə, psixoloqla məsləhətləşə bilər. Uşaq psixoloji profilinə uyğun peşəyə istiqamətləndirildikdə gələcəkdə həmin sahədə daha məhsuldar fəaliyyət göstərə bilər. İnsan işini sevərsə və vəzifəsini layiqincə yerinə yetirərsə, gələcəyi ilə bağlı qeyri-müəyyənlik hissi də azala bilər. Çünki qeyri-müəyyənlik riskli qərarların qəbul edilməsinə zəmin yarada bilər. Gənclərin bu vəziyyətə düşməsində ilk növbədə böyümə şəraiti, daha sonra isə maarifləndirmə prosesi böyük rol oynayır.

Buna baxmayaraq, insanın həyatında daim qeyri-müəyyən situasiyalar olacaq. Çünki biz heç bir işə təcrübəli şəkildə başlamırıq. Daxil olduğumuz mühit ona uyğunlaşanadək və təcrübə toplayanadək bizim üçün qeyri-müəyyən qalır. Gənclər bilməlidirlər ki, bu, uyğunlaşma dövrüdür və təcrübə zamanla qazanılır. Qərarlarını həyata keçirməzdən əvvəl onları xaotik və impulsiv şəkildə deyil, rasional düşünərək qəbul etməlidirlər.

Qeyd etdiklərim ümumi xarakter daşıyan məsələlərdir. Bir də mükəmməlliyyətçi, uğursuzluqdan qorxan, səhv etməkdən çəkinən insanlar var. Bu xüsusiyyətlər də onların böyümə şəraiti ilə bağlı ola bilər. Bu cür emosional travmaların mənbəyi çox zaman ailə mühiti olur. Əgər uşaq daim başqaları ilə müqayisə olunursa, fəaliyyəti və cəhdləri deyil, yalnız nəticələri dəyərləndirilirsə, uğurlarına görə sevilirsə, əlbəttə ki, gənclik dövründə də səhv etməkdən qorxa bilər”.

Onun sözlərinə görə, sosial şəbəkələrdə uğurlu şəxslərin nəticələrini görmək də bəzən gənclərdə özünə inamsızlıq yaradır:

“Halbuki onlar həmin şəxslərin bu uğuru qazanmaq üçün nə qədər cəhd etdiklərini və neçə dəfə uğursuzluğa düçar olduqlarını görmürlər. Başqasının əldə etdiyi nəticə bizim fəaliyyətimizin başlanğıcı ilə müqayisə edilməməlidir. Bu, həmin şəxsin gördüyü işin nəticəsidir. Biz isə hələ yeni başlayırıq.

Qeyri-müəyyənlik səviyyəsini azaltmaq üçün əvvəlcə situasiyanı aydınlaşdırmaq lazımdır. Düşünməkdən qaçmaq əvəzinə, məsələni qarşımıza qoyub onun həllini mərhələ-mərhələ düşünməliyik. “Gələcəyim qeyri-müəyyəndir” demək əvəzinə, konkret qorxumuzu ifadə edə bilərik: “Məndə qeyri-müəyyənlik hissi yaradan qorxu hansıdır? Bu qorxunu aradan qaldırmaq üçün hansı üsul və vasitələrdən istifadə edə bilərəm? Xarakterimin hansı xüsusiyyətləri həll yolu tapmağıma kömək edə bilər?”

Əgər narahatlıq ümumi xarakter daşıyırsa və yalnız gələcəklə bağlı düşüncələrimizə deyil, gündəlik həyatımıza da təsir göstərirsə, mütəxəssis dəstəyinə ehtiyac ola bilər”.

//Gülnarə Abasova, Editor.az