Böyük Britaniya və Almaniya silahlı qüvvələrdə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir. İki ölkə hərbi sahədə süni intellekti birgə sınaqdan keçirməyi, yeni texnologiyalar hazırlamağı və gələcəkdə orduda istifadəyə verməyi planlaşdırır.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq açıqlama verib.
Nazir Almaniyanın müdafiə naziri Boris Pistoriusla Berlində keçirəcəyi görüşdən əvvəl “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan məqaləsində iki ölkənin mövcud əməkdaşlıq layihəsini genişləndirəcəyini bildirib.
Söhbət indiyədək kibertəhlükəsizlik sahəsində həyata keçirilən “Cyber Lighthouse” adlı birgə təşəbbüsdən gedir. Yeni plan çərçivəsində layihənin əhatə dairəsinə süni intellekt texnologiyalarının da daxil edilməsi nəzərdə tutulur.
Stritinq qeyd edib ki, məqsəd hərbi qüvvələrdə süni intellektdən ortaq sınaqlar və texnoloji inkişaf vasitəsilə istifadə etmək, daha sonra isə bu sistemləri praktikada tətbiq etməkdir. Onun sözlərinə görə, ölkələr təhlükəsizliklərinə təhdid yaradan qüvvələrin texnoloji inkişaf tempindən geri qalmamalıdır.
Planın konkret detallarının müəyyənləşdirilməsi üçün hər iki ölkənin hökumət və müdafiə sənayesi nümayəndələrinin 2027-ci ilin yazında bir araya gəlməsi gözlənilir. Hələlik hansı süni intellekt sistemlərinin hazırlanacağı, layihələrin miqyası və bunun üçün nə qədər vəsait ayrılacağı açıqlanmayıb.
Böyük Britaniyanın müdafiə nazirinin sözlərinə görə, Almaniya şirkətləri 2024-cü ildə iki ölkə arasında müdafiə sazişi imzalandıqdan sonra Britaniyanın müdafiə sənayesinə 800 milyon funt sterlinq (təxminən 956 milyon avro) investisiya yatırmağı öhdələrinə götürüblər.
Bu şirkətlər arasında Münhendə yerləşən “Helsing” də var. Şirkət ötən il Plimut şəhərində süni intellektlə təchiz edilmiş sualtı aparatların istehsalı üçün zavod açıb. Həmin qurğuların əsas vəzifəsi düşmən sualtı qayıqlarını izləməkdir.
Qeyd edək ki, süni intellektin müharibələrdə rolu getdikcə artır. Beynəlxalq Qızıl Xaç Komitəsi bu sahədə silahlanma yarışının artıq başladığı barədə xəbərdarlıq edib. Təşkilat xüsusilə insan müdaxiləsi olmadan qərar verərək hədəfləri müəyyənləşdirə və hücum edə bilən avtonom silah sistemlərinə hüquqi baxımdan məcburi beynəlxalq qaydaların tətbiqinə çağırıb.
\\ Aydan Bünyatova, Editor.az

