Svetlana Bayramova: Azərbaycan mədəniyyətinə və ictimai həyatına həsr olunan ömürbackend

Svetlana Bayramova: Azərbaycan mədəniyyətinə və ictimai həyatına həsr olunan ömür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, pedaqoq, jurnalist və Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq”un vitse-prezidenti Svetlana Bayramovanın yubileyi tamam olur.

Uzun illər ərzində maarifçilik, mədəniyyətin inkişafı, humanist dəyərlərin təbliği və ictimai fəaliyyət sahəsində yorulmadan çalışan Svetlana xanım Azərbaycan cəmiyyətinin mənəvi-intellektual inkişafına mühüm töhfələr verib. O, Azərbaycan Pedaqoji İnstitutunda ingilis dili ixtisası üzrə ali təhsil alıb, daha sonra həmin ali məktəbin fəlsəfə kafedrasında etika və estetika fənlərini tədris edib. 1976-1981-ci illərdə Azərbaycan Sülhü Müdafiə Komitəsində, akademik Mustafa Topçubaşovun rəhbərliyi altında fəaliyyət göstərərək beynəlxalq və ictimai-humanitar proseslərdə yaxından iştirak edib. Sonrakı illərdə Sumqayıt Politexnik Texnikumunda pedaqoji fəaliyyət göstərib, həmçinin neft-qaz sahəsi üzrə layihə institutunda çalışaraq müxtəlif peşə istiqamətlərində özünü doğruldub.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Svetlana Bayramova dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və mədəni irsin qorunmasının fəal təbliğçilərindən biri kimi tanınıb. 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Svetlana xanım jurnalistikanı da cəmiyyətə xidmət vasitəsi kimi qəbul edib, mədəniyyət və maarifçilik istiqamətində çıxışları ilə diqqət çəkib. Onun fəaliyyəti xüsusilə “Simurq” Assosiasiyası çərçivəsində həyata keçirilən layihələrdə daha geniş əksini tapıb. Svetlana Bayramova illər ərzində konfransların, seminarların, mədəniyyət tədbirlərinin və humanitar layihələrin təşkilində fəal iştirak edib, Azərbaycanın mədəni irsinin və humanist dəyərlərinin təbliği istiqamətində mühüm işlər görüb.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Tofiq Bayramın bacısı olan Svetlana xanım bu gün də ölkənin mədəni-ictimai həyatında fəal iştirakını davam etdirir. Onun fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Belə ki, 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Eyni zamanda, “Simurq” beynəlxalq medalı, “Sülh səfiri”, “Mədəniyyət səfiri” diplomları, Humay və Sara Xatun mükafatları ilə təltif edilib.

Ziyalı Qadınlar Klubu adından Svetlana Bayramovanı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq.

//Editor.az