Vaşinqton və Tehran arasında kritik təmaslar: Razılaşma nə qədər realdır?backend

Vaşinqton və Tehran arasında kritik təmaslar: Razılaşma nə qədər realdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlar təkcə iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik mühitinin formalaşmasına təsir göstərən mühüm prosesdir. Regional gərginliyin azaldılması, enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması və beynəlxalq sabitliyin gücləndirilməsi baxımından bu təmasların nəticələri Azərbaycan da daxil olmaqla region ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, tərəflər arasında uzun illərdir davam edən fikir ayrılıqlarının mövcudluğu yeni razılaşmanın əldə olunmasını mürəkkəb və çoxşaxəli diplomatik prosesə çevirir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, İsveçrənin kurort şəhəri Byurqenştokda Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən ABŞ–İran danışıqları tərəflərin sərt bəyanatları fonunda gərgin atmosferdə davam edir:

“Lakin bütün gərginliklərə baxmayaraq, yayılan məlumatlarda tərəflərin bəzi məsələlər üzrə razılığa gəldiyi bildirilir. Məlumatlara görə, tərəflər “Yüksək Səviyyəli Komitə”nin yaradılması, həmçinin Hörmüz boğazında hər hansı gərginlik və anlaşılmazlığın qarşısının alınması məqsədilə birbaşa “əlaqə xətti”nin qurulması barədə razılıq əldə ediblər. Eyni zamanda, sülhün müəyyən edilmiş 60 gün ərzində təmin olunmasına dair yol xəritəsinin də razılaşdırıldığı qeyd olunur.

ABŞ–İran danışıqlarında elə məsələlər var ki, onların həlli mümkündür. Lakin gərginlik yaradan və ABŞ-ın əsas müttəfiqi olan İsrailin heç bir şəkildə razılaşmadığı bir sıra mövzular da mövcuddur. Bunlardan birincisi Hörmüz boğazının gələcək hüquqi statusudur. İran boğazın tamamilə öz yurisdiksiyasında olacağını bəyan edir. Qarşı tərəf isə bu yanaşma ilə razılaşmır”.

Onun sözlərinə görə, İran Livanda atəşkəsin pozulmasının bütün regiona, o cümlədən sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərəcəyini şərt kimi irəli sürür. Lakin İsrail Livandan çıxmamaq mövqeyində israrlıdır:

“Üçüncü əsas problem İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi ilə bağlıdır. Belə ki, İran rəhbərliyi nüvə silahına sahib olmaq niyyətində olmadığını bəyan etsə də, uranın zənginləşdirilməsi prosesindən imtina etməyəcəyini nümayiş etdirir.

Bəzi müşahidəçilərin fikrincə, İranla aparılan danışıqların əsas məqsədi real nəticələr əldə etmək deyil, müəyyən vaxt qazanmaqdır. Həmin vaxt həm futbol üzrə dünya çempionatının başa çatması, həm də ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində respublikaçıların siyasi təbliğatı baxımından əhəmiyyət daşıyır”

//Gülnarə Abasova, Editor.az