İsveçrəli tədqiqatçılar piylənmə və 2-ci tip diabet nəticəsində yaranan damar zədələnmələrinin qarşısını almaq üçün yeni yanaşma təqdim ediblər.
Editor.az xəbər verir ki, alimlərin araşdırmasına görə, müəyyən epigenetik mexanizmlərə təsir göstərməklə damar ətrafında iltihabı azaltmaq və onların fəaliyyətini yaxşılaşdırmaq mümkündür. Tədqiqatın nəticələri Cell Reports jurnalında dərc olunub.
Araşdırma damarları əhatə edən piy toxumasına yönəlib. Normal şəraitdə bu toxuma damarların sağlam fəaliyyətini dəstəkləyir. Lakin piylənmə zamanı həmin toxuma iltihabı gücləndirən maddələr ifraz etməyə başlayır ki, bu da ürək-damar xəstəlikləri riskini artırır.
Tədqiqatçılar iltihaba səbəb olan ayrı-ayrı molekulları hədəfə almaq əvəzinə, toxuma hüceyrələrinin fəaliyyət proqramını dəyişdirməyə çalışıblar. Siçanlar və insan toxuması nümunələri üzərində aparılan təcrübələrdə genlərin fəaliyyətini DNT-ni dəyişdirmədən tənzimləyən xüsusi epigenetik zülallara təsir edən preparatlardan istifadə olunub.
Nəticədə damar ətrafındakı piy toxumasında iltihab siqnallarının səviyyəsi azalıb, damarlar isə daha yaxşı genişlənmə qabiliyyəti nümayiş etdirib və zədələnmə əlamətləri xeyli zəifləyib. Bundan əlavə, alimlər qlükoza mübadiləsində iştirak edən heksokinaza-2 fermentinin mühüm rolunu müəyyən ediblər. Məlum olub ki, bu fermentin həddindən artıq aktivliyi iltihab proseslərini gücləndirir.
Mütəxəssislərin fikrincə, yeni metod gələcəkdə piylənmə və diabetdən əziyyət çəkən xəstələrdə ürək-damar ağırlaşmalarının profilaktikasında mövcud müalicə üsullarını tamamlayan vasitə kimi istifadə oluna bilər. Ənənəvi terapiyalar əsasən qan təzyiqi, xolesterin və qanda şəkər səviyyəsinin nəzarətdə saxlanmasına yönəldiyi halda, yeni yanaşma damar zədələnməsinin ilkin səbəblərini hədəf alır.
//Gülnarə Abasova, Editor.az


