Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla Gürcüstan hökumətləri arasında hər hansı bir gərginliyin olmadığını bildirərək, bütün məsələlərin dostluq mühitində həll edildiyini vurğulayıb.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, hökumət rəhbəri bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının Azərbaycan ərazisindəki Kürmük məbədi ilə bağlı bəyanatına verdiyi reaksiyanı şərh edərkən danışıb.
“Bizim aramızda heç bir gərginlik yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz mövcuddur. Bu dostluğa əsaslanaraq hər bir mövzunu çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycan hökumətləri arasındakı bütün məsələlər məhz belə bir dostluq rejimində nəzərdən keçirilir”, – deyə Kobaxidze qeyd edib.

