Fransa Silahlı Qüvvələri Rusiyaya məxsus iki Su-30 qırıcısının Baltikyanı ölkələrin hava məkanına daxil olduğu barədə məlumat yayıb. Onları müşayiət etmək üçün Fransanın “Rafale” qırıcılarının havaya qaldırıldığı bildirilib.
Məlumata görə, Rusiya təyyarələri Baltikyanı ölkələrin hava məkanına uçuş planı olmadan daxil olub. NATO-nun Litvanın Şaulyay şəhərində yerləşən aviabazasından “Rafale” qırıcıları əmrdən dərhal sonra havaya qalxıb.
Fransa ordusu Rusiya qırıcılarının hansı ölkənin (Latviya, Litva və Estoniya) hava məkanına daxil olduğunu dəqiqləşdirməyib. Hadisənin nə vaxt baş verdiyi də açıqlanmayıb.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Baltik dənizi regionunda Rusiya və NATO arasında hava məkanına nəzarət məsələsi son illərdə daha həssas xarakter alıb:
“Rusiya hərbi təyyarələrinin uçuş planı təqdim etmədən və ya transponderlərini aktiv etmədən beynəlxalq hava məkanında uçuşları NATO ölkələrinin narahatlığına səbəb olur. Bu səbəbdən Alyansın Baltik Hava Polisi missiyası çərçivəsində bölgədə növbətçilik edən qırıcılar belə hallarda dərhal havaya qaldırılır və təyyarələri müşayiət edirlər. Fransanın “Rafale” qırıcılarının da bu missiyaya cəlb olunması NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin davam etdiyini göstərir.

Züriyə Qarayeva
Hadisənin hansı Baltik ölkəsinin hava məkanında baş verməsinin açıqlanmaması və zamanın dəqiq göstərilməməsi diqqət çəkir. Bununla belə, insident Rusiya-NATO münasibətlərində etimadsızlığın dərinləşdiyi bir dövrdə baş verir və tərəflər arasında hərbi gərginliyin davam etdiyini nümayiş etdirir. Baltik regionu həm coğrafi mövqeyinə, həm də NATO-Rusiya təmas xəttində yerləşməsinə görə Avropanın ən həssas təhlükəsizlik zonalarından biri olaraq qalır. Bu cür hadisələrin təkrarlanması gələcəkdə regionda əlavə hərbi aktivliyin və qarşılıqlı monitorinq tədbirlərinin artmasına səbəb ola bilər”.


