backend

Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin VII sinif şagirdinin ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Editor.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, G.Dadaşova oktyabrın 28-də məktəbin dördüncü mərtəbəsindəki pəncərədən yıxılıb. Hadisə üçüncü dərs zamanı baş verib. Həmin vaxt şagirdin sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G.Dadaşova isə dərsdə iştirak etməyib.

Məlumata əsasən, məktəblinin anası üç il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Atasının Salyanda yaşadığı, qızın isə Bakıda xalası ilə birlikdə qaldığı bildirilir.

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl məktəbli anasının şəklinə baxaraq onun yanına getmək istədiyini deyib. Həmçinin onun sinif yoldaşlarına özünə qəsd edəcəyini söylədiyi iddia olunur. Bu məlumatlar şahidlərin sözlərinə əsaslanır və hadisənin səbəbləri ilə bağlı rəsmi nəticə kimi qəbul edilməməlidir.

Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 28-də saat 10:00-da çağırış daxil olub. TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Lakin həkimlərəqədər ölüm faktı qeydə alınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də hadisə ilə bağlı açıqlama yayıb. Qurumun məlumatına görə, məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, lakin şagird aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təhsil İdarəsi məsələnin aidiyyəti qurumların nəzarətinə götürüldüyünü və araşdırmalara başlanıldığını bildirib. Qurum ictimaiyyəti hadisə ilə bağlı rəsmi məlumatlara istinad etməyə və məsələyə həssas yanaşmağa çağırıb.

Hadisənin bütün təfərrüatları və başvermə səbəbləri aparılan araşdırmaların nəticəsində aydınlaşdırılmalıdır.