“ABŞ İranda quru əməliyyatı keçirməyəcək” – Politoloqdan müharibənin növbəti mərhələsi ilə bağlı açıqlamabackend

“ABŞ İranda quru əməliyyatı keçirməyəcək” – Politoloqdan müharibənin növbəti mərhələsi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra İrana qarşı hərbi əməliyyatları genişləndirmə ehtimalı yenidən regionda gərginliyi artırıb. Vaşinqtonun Yaxın Şərqə əlavə hərbi qüvvə və aviasiya cəlb etməsi ilə bağlı məlumatlar fonunda genişmiqyaslı qarşıdurma riskinin artdığı müzakirə olunur. Bununla yanaşı, ABŞ-ın hərbi resurslarının məhdudluğu və bölgədəki mürəkkəb geosiyasi vəziyyət əməliyyatların gələcək istiqaməti ilə bağlı suallar yaradır.

Politoloq Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, ötən ilin yayında və bu ilin yazında keçirilmiş əməliyyatlarda ABŞ daha çox İranın nüvə obyektlərini, hərbi-siyasi liderlərini, o cümlədən Ali Rəhbərini hədəfə alırdı:

“İndi isə vəziyyət bir qədər dəyişib. ABŞ İrandakı körpüləri, dron istehsal olunan əraziləri, dron bazalarını, limanları, limanlardakı təhlükə yarada biləcək obyektləri, hərbi hissələri hədəfə alır. Çünki ABŞ-nin bu əməliyyatı Hörmüz boğazından gəmilərin sərbəst keçidini təmin etmək məqsədi daşıyır.

Başqa sözlə, ABŞ Hörmüz boğazından gəmilərin sərbəst keçməsini istəyir. Buna görə də buna mane olan İran hərbi qüvvələrini sıradan çıxarır, boğaza yaxın körfəzdə yerləşən limanları bombalayır. Əsas fərq də budur.

İran isə ənənəvi olaraq ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarına hücum edir və sair. Müharibənin növbəti mərhələsində ciddi fərqli hadisələrin baş verəcəyi gözlənilmir. Söhbət İranın hərbi qüdrətini sıradan çıxarmaqdan, onu tamamilə zəiflətməkdən gedir”.

Onun sözlərinə görə, İranın raket potensialı və digər hərbi qüvvələri zəiflədilməyincə, hesab edir ki, ABŞ İranda heç bir quru əməliyyatı keçirməyəcək:

“Başqa sözlə, bu əməliyyatın əsas istiqaməti İslam Respublikasını hərbi, iqtisadi və maliyyə baxımından tam zəiflətməkdir. Tehran hakimiyyəti və onun rəsmi təmsilçiləri elə vəziyyətə gətirilməlidir ki, ABŞ-yə qarşı hədələyici çıxışlar etməkdən çəkinsinlər və danışıqlar masası arxasında heç bir şərt irəli sürmədən əyləşsinlər.

Açıq müharibəyə gəlincə, təbii ki, mən quru əməliyyatından danışıram. Quru əməliyyatlarının yaxın vaxtlarda reallaşması mümkünsüzdür. Çünki Tehran hakimiyyəti və onu müdafiə edən qüvvələr ABŞ-nin İranda quru əməliyyatı keçirməsini arzulayırlar və buna çalışırlar.

Amma rəsmi Vaşinqton bu cür əməliyyatın baş verməyəcəyini dəfələrlə bəyan edib. Nitekim ötən gün ABŞ-nin vitse-prezidenti Vens də bildirdi ki, İrana qarşı quru əməliyyatları nəzərdə tutulmur.

ABŞ-nin regiona cəlb etdiyi canlı qüvvələr isə, hesab edirəm ki, indiki mərhələdə əsasən hərbi bazaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.

//Gülnarə Abasova, Editor.az