Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri nəzərdə tutulur.
Editor.az xəbər verir ki, planlaşdırılan bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqlar kontekstində Avropanın və xüsusilə onun iqtisadi lokomotivi olan Almaniyanın Cənubi Qafqaza baxışındakı köklü transformasiyanın əyani təzahürüdür.
Qlobal böhranlar, logistik qırılmalar və enerji təhlükəsizliyi çağırışları fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşıyır.
Öz növbəsində, Almaniya hökumətinin sözçüsü Stefan Korneliusun sözlərinə görə, Almaniya kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi 21 iyul çərşənbə axşamı günü qəbul edəcək. Rəsmi qarşılanma mərasimi saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) Federal Kansler Aparatında keçiriləcək.
Qeyd olunur ki, qarşıdan gələn danışıqlar enerji və xammal, Azərbaycan və Ermənistan arasında regional sülh prosesi və beynəlxalq təhlükəsizlik siyasəti mövzularına yönələcək.
Görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır. \\Azərtac

