ABŞ Səudiyyə Ərəbistanı və Küveytə milyardlarla dollarlıq hərbi texnika satışını təsdiqlədibackend

ABŞ Səudiyyə Ərəbistanı və Küveytə milyardlarla dollarlıq hərbi texnika satışını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Səudiyyə Ərəbistanı və Küveytə ümumi dəyəri 2,4 milyard dollardan çox olan hərbi texnika və müdafiə avadanlıqlarının satışını təsdiqləyib.

Editor.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti rəsmi açıqlama yayıb.  

Məlumata görə, Səudiyyə Ərəbistanına təxminən 1,96 milyard dollar dəyərində APKWS-II (Advanced Precision Kill Weapon System II) tipli yüksək dəqiqlikli idarəolunan raket sistemləri və onlarla əlaqəli hərbi avadanlıqların satışı nəzərdə tutulur. Paketə döyüş başlıqları, raket mühərrikləri, ehtiyat hissələri, təlim avadanlıqları, logistika və texniki dəstək xidmətləri də daxildir. Layihənin əsas podratçısı ABŞ-ın BAE Systems şirkəti olacaq.  

ABŞ Dövlət Departamenti bildirib ki, bu satış Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirməklə yanaşı, ABŞ-ın Körfəz regionundakı əsas tərəfdaşlarından birinin təhlükəsizlik potensialının artırılmasına xidmət edəcək. Rəsmi Vaşinqton hesab edir ki, bu addım bölgədə siyasi sabitliyin və təhlükəsizlik balansının qorunmasına töhfə verəcək.  

Bununla yanaşı, ABŞ Küveytə də 484 milyon dollar dəyərində hərbi texnika satışını təsdiqləyib. Paket C-17 hərbi-nəqliyyat təyyarələrinin texniki xidməti və istismarının təmin olunması üçün ehtiyat hissələri, rabitə avadanlıqları, proqram təminatı, texniki sənədlər, təlim və logistika xidmətlərini əhatə edir.  

Qeyd olunub ki, sözügedən satışlar ABŞ Konqresinə təqdim edilib və qanunvericiliklə nəzərdə tutulan prosedurlardan sonra yekun qüvvəyə minəcək. ABŞ administrasiyası bu qərarın regiondakı müttəfiq ölkələrin müdafiə qabiliyyətinin artırılması və ABŞ-ın xarici siyasət məqsədlərinə uyğun olduğunu vurğulayıb.  

//Gülnarə Abasova, Editor.az