İqlim dəyişikliyi nəticəsində gecələrin daha isti keçməsi dünyada insanların yuxu müddətinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.
Editor.az xəbər verir ki, ABŞ-ın Climate Central təşkilatının apardığı yeni araşdırmaya əsasən, insanlar hər il orta hesabla 56 saat yuxu itirirlər.
Tədqiqatçılar 2020–2025-ci illər ərzində dünyanın 1338 şəhərində gecə temperaturunun yuxunun keyfiyyətinə təsirini təhlil ediblər. Məlum olub ki, itirilən yuxunun 6 saatdan çoxu, yəni təxminən bir yuxusuz gecə, birbaşa insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə ilə bağlıdır. Bu, gecə temperaturunun yuxuya təsirinin kəmiyyət baxımından qiymətləndirildiyi ilk araşdırmalardan biridir.
Araşdırma göstərib ki, 1335 şəhərdə iqlim dəyişikliyi ilə əlaqədar yuxu itkisi 1970-ci illərin əvvəli ilə müqayisədə ən azı iki dəfə artıb. 840 şəhərdə isə bu göstərici üç dəfədən çox yüksəlib.
Mütəxəssislərin sözlərinə görə, yüksək gecə temperaturları ən çox Yaxın Şərq ölkələrinin sakinlərinə təsir edir. Səudiyyə Ərəbistanı, Oman və Birləşmiş Ərəb Əmirliklərinin bəzi şəhərlərində insanlar ildə 55–87 saat yuxu itirirlər. Bu müddətin 12–16 saatı isə məhz iqlim dəyişikliyi ilə əlaqələndirilir.
Hindistan və Cənub-Şərqi Asiya ölkələrində illik yuxu itkisi 78–91 saat, Qərbi Afrika ölkələrində isə 65 saatdan çox təşkil edir. ABŞ-də insanlar isti gecələr səbəbindən orta hesabla 36 saat az yatır, bunun təxminən 4 saatı qlobal istiləşmənin təsiri ilə izah olunur. Bu hal xüsusilə Arizona, Kaliforniya, Florida və Nevada ştatlarında daha qabarıq müşahidə edilir.
Alimlər bildirirlər ki, gecə temperaturunun yüksəlməsi orqanizmin yuxu zamanı bərpa prosesini zəiflədir. Gündüz istisinin təsirini müəyyən qədər azaltmaq mümkün olsa da, isti gecələr yuxunun keyfiyyətini aşağı salır və uzunmüddətli perspektivdə insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
//Gülnarə Abasova, Editor.az

