ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin Tehrana xüsusi idarəetmə təyyarəsi göndərdiyi bildirilir. Söhbət Rusiyada “Qiyamət günü təyyarəsi” kimi tanınan Tu-214PU-dan gedir.
Bu təyyarə fövqəladə və böhran vəziyyətlərində dövlət rəhbərliyinin təhlükəsiz rabitəsini və idarəetməni təmin etmək üçün nəzərdə tutulub. Uçuşun məqsədi rəsmi şəkildə açıqlanmayıb.
Putinin məhz “Qiyamət günü təyyarəsi” kimi tanınan xüsusi idarəetmə təyyarəsini Tehrana göndərməsi hansı mesajı verir? Bunu hazırkı regional gərginlik fonunda necə qiymətləndirmək olar?
Xəbəri videodan da izləyə bilərsiniz:
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya prezidentinin İran–ABŞ qarşıdurması fonunda Tehrana “Qiyamət təyyarəsi” göndərməsi ilk növbədə siyasi və strateji mesaj kimi qiymətləndirilə bilər:
“Bununla Moskva Vaşinqtona İranın yanında olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda, bu addımın İranın ali siyasi-hərbi rəhbərliyinin mümkün evakuasiyası, eləcə də fövqəladə şəraitdə xüsusi rabitə və idarəetmə sisteminin təmin olunmasına hesablandığı ehtimal edilir.
Lakin mövcud vəziyyətdə Rusiyanın İrana göstərə biləcəyi hərbi yardımın müharibənin gedişinə ciddi təsir edəcəyi inandırıcı görünmür. Rusiya uzun müddətdir Ukrayna müharibəsində böyük resurslar sərf edir və bu müharibə onun hərbi-strateji imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu baxımdan, Moskvanın İrana genişmiqyaslı hərbi dəstək verməsi real görünmür.
Bundan əlavə, istər “Qiyamət təyyarəsi”, istərsə də sonrakı mərhələdə göndərilə biləcək hərbi yardımlar İranın hərbi vəziyyətini əsaslı şəkildə dəyişdirəcək amil kimi qiymətləndirilmir. Hazırkı şəraitdə ABŞ hərbi və texnoloji üstünlüyünü qoruyur və bu, münaqişənin gedişinə təsir edən əsas faktorlardan biri olaraq qalır.
İstisna deyil ki, Rusiya öz vətəndaşlarının, hərbi mütəxəssislərinin və ya müəyyən yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların İrandan təxliyəsi istiqamətində də addımlar ata bilər”.

