Smartfondan uzun müddət fasiləsiz istifadə əl və bilək oynaqlarında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə gənclər arasında “smartfon əli” adlandırılan sindroma daha çox rast gəlinir.
Editor.az xəbər verir ki, Rusiyanın “İnvitro” tibb mərkəzinin terapevti Yevgeni Kosmının sözlərinə görə, bu problem əsasən 18–35 yaş arasında olan şəxslərdə müşahidə edilir. Pasiyentlər daha çox əl nahiyəsində ağrı, barmaqlarda keyimə, biləkdə xışıltı və tutma gücünün zəifləməsindən şikayət edirlər. Bu vəziyyətin əsas səbəbi telefonun uzun müddət bir əllə tutulması və mesajların baş barmaq vasitəsilə yazılmasıdır.
Həkim bildirib ki, bu vəziyyətdə vətər və bağlara düşən yük təbii əl mövqeyi ilə müqayisədə bir neçə dəfə artır. Eyni hərəkətlərin davamlı təkrarlanması vətərlərin iltihabına, sinirlərin sıxılmasına və oynaqların vaxtından əvvəl aşınmasına gətirib çıxarır. Yüklənmə hər gün təkrarlanarsa, toxumalar bərpa oluna bilmir və problem zamanla xroniki xarakter alır.
Mütəxəssisin sözlərinə görə, xəstəlik ilkin mərhələdə yalnız yüngül narahatlıq hissi ilə özünü göstərir. Lakin sonradan baş barmağın dibində və biləkdə ağrılar, barmaqlarda keyimə və iynələnmə hissi, hərəkət məhdudluğu, xışıltı və əlin tez yorulması kimi əlamətlər meydana çıxır.
Yevgeni Kosmının qeyd edib ki, “smartfon əli” anlayışı bir neçə xəstəliyi özündə birləşdirir. Bunlara de Kerven xəstəliyi, bilək kanalı sindromu, rizartroz, Nott xəstəliyi və Düpüytren kontrakturası daxildir.
Həkim ilk simptomlar yaranan kimi mütəxəssisə müraciət etməyi tövsiyə edib. Erkən mərhələdə müalicə adətən əlin yüklənməsinin azaldılması, xüsusi ortozlardan istifadə, iltihabəleyhinə terapiya və fizioterapiyadan ibarət olur. Ağır hallarda isə cərrahi müdaxilə tələb oluna bilər.
Profilaktika məqsədilə smartfondan istifadə zamanı hər 20–30 dəqiqədən bir əli dəyişmək, cihazı kiçik barmaq üzərində saxlamamaq, səsli mətn funksiyasından daha çox istifadə etmək, yazıları iki əllə və ya digər əlin şəhadət barmağı ilə yazmaq, mütəmadi fasilələr vermək və əl üçün gimnastika hərəkətləri etmək tövsiyə olunur. Bundan əlavə, telefon tutacaqları, stendlər və xüsusi üzüklü qoruyucu örtüklər də əl oynaqlarına düşən yükü azaltmağa kömək edir.
//Gülnarə Abasova, Editor.az

