Alimlər Alzheimer xəstəliyinin inkişafını üç ilədək ləngidə bilən preparat aşkar ediblərbackend

Alimlər Alzheimer xəstəliyinin inkişafını üç ilədək ləngidə bilən preparat aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, donanemab preparatı Alzheimer xəstəliyinin klinik əlamətlərinin inkişafını təxminən üç ilədək gecikdirə bilər. Ən yüksək effektivlik müalicəyə xəstəliyin erkən mərhələsində başlanılan pasiyentlərdə müşahidə olunub.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələrinin Alzheimer Assosiasiyasının Beynəlxalq Konfransında (AAIC) təqdim ediləcəyi bildirilir.  

Araşdırmada Alzheimer xəstəliyinin ilkin mərhələsində olan təxminən 1200 nəfər iştirak edib. İştirakçıların yarısı 18 ay ərzində damar daxilinə donanemab infuziyaları qəbul edib, digər qrup isə standart müşahidə altında saxlanılıb. Müalicənin nəticələri hər iki qrup arasında müqayisə edilib.  

Tədqiqat göstərib ki, preparat qəbul edən pasiyentlərdə yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi əhəmiyyətli dərəcədə daha yavaş baş verib. Üç illik müşahidədən sonra qruplar arasındakı fərq daha da nəzərə çarpıb. Alimlərin qiymətləndirməsinə əsasən, bəzi xəstələrdə klinik simptomların başlanğıcını təxminən üç il gecikdirmək mümkün olub.  

Əlavə analizlər zamanı məlum olub ki, donanemab qanda Alzheimer xəstəliyinin əsas biomarkerlərindən hesab olunan p-tau217 zülalının səviyyəsini azaldır. Bu göstərici patoloji tau zülalının beyində toplanmasını əks etdirir. Müalicə alan pasiyentlərdə biomarkerin səviyyəsi aşağı düşdüyü halda, nəzarət qrupunda artmağa davam edib.  

Beyin görüntüləmə müayinələri həmçinin xəstəliyin digər əsas göstəricilərindən olan amiloid lövhəciklərinin sayının əhəmiyyətli dərəcədə azaldığını göstərib. Orta dərəcəli koqnitiv pozuntuları olan xəstələrdə onların miqdarı təxminən 90 faiz azalıb.  

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr donanemabın təsirinin müalicə başa çatdıqdan sonra da davam edə biləcəyini göstərir. Mütəxəssislər vurğulayırlar ki, preparatdan maksimum fayda əldə etmək üçün müalicəyə xəstəliyin mümkün qədər erkən mərhələsində başlanmalıdır.  

Qeyd edək ki, donanemab Böyük Britaniyada istifadəyə təsdiqlənsə də, yüksək qiyməti və nadir hallarda beyin qanaxması kimi ciddi yan təsirlər riski səbəbindən hələlik dövlət səhiyyə sistemində geniş tətbiq edilmir. Bununla belə, yeni araşdırma preparatın Alzheimer xəstəliyinin gedişatını ləngitmək üçün ən perspektivli müalicə üsullarından biri olduğunu bir daha göstərir.  

//Gülnarə Abasova, Editor.az